“Qəbələ”dəki məlum durum klub ətrafında söz-söhbətlərin yaranmasına rəvac verib. Klubun dağıla biləcəyi ehtimalı, avrokuboklardan imtinası və s. söyləntilər var. Klubun aparıcı, təcrübəli futbolçularla vidalaşması, legionerləri yola salması və heç bir transfer etməməsi şaiyələrin artmasına şərait yaradır.
 
Bütün məsələlərə aydınlıq gətirmək üçün futbolinfo.az-ın əməkdaşı klubun baş meneceri Zaur Əzizovla danışıb. Bəlli olur ki, vəziyyət pisdi, amma ümidsiz deyil.
 
– Bəlli büdcə çərçivəsində saxlaya bildiyimiz futbolçular qalacaq. Yeni mövsümdə daha çox akademiya yetirmələrinə, gənc oyunçulara üstünlük verəcəyik. Legionerlərdən Davit Volkovun komandada qalmaq məsələsi var. Bizimlə müqaviləsi davam edənlərə təkliflər gəlir. Hələ gözləyirik, vaxtı çatanda qərar verəcəyik. Amma komandada yalnız azərbaycanlı uşaqlar yox, əcnəbi futbolçular da olacaq.
 
– Yeni mövsümdə hədəf nə olacaq?
– Avrokuboklara vəsiqə və ya çempionluq hədəfi olmayacaq, lakin ən yaxşısı üçün mübarizə aparacağıq. Komanda iyunun 17-də Qəbələdə bir araya gələcək. İki həftəlik hazırlıqdan sonra futbolçulara bir neçə günlük istirahət veriləcək. Daha sonra isə Türkiyə toplanışı olacaq. Yeni legionerlərin də məhz orada komandaya qoşulacağı gözlənilir.
 
– Bəlkə də bu sual indiki məqamda yersizdi, lakin soruşmalıyam: “Qəbələ-2” divizionda oynayacaqmı? AFFA İcraiyyə Komitəsinin qərarı var və ötən il imtina etdiyiniz yarışa yenə qoşulmamağınız bu dəfə cərimə ilə nəticələnəcək…
– Doğrusu, hazırda “Qəbələ-2”haqda düşünə bilmirik. Əvvəlcə əsas komandanın problemlərini yoluna qoymalıyıq. Alınsa, divizionda da komandamız olacaq, alınmasa, nə olacağına baxacağıq.
 
– Legioner axtardığınızı dedin. Yerli futbolçuları saxlaya bilmədiyiniz halda əcnəbilərin gəlişi nə dərəcədə realdı?
– Söhbət yüksək ödənişli oyunçulardan getmir. Elə legionerlər axtarırıq ki, yerli futbolçulardan daha az maaşa oynamağa razılıq versinlər.
 
– İcazə ver, indidən həmin oyunçuların səviyyəsinə şübhə edim…
– Biz oyunçuları alır, onların səviyyəsini yüksəldib digər komandalarımıza veririk (gülür). Bir çox klublarımızda bizdən gedən əcnəbilər oynayır, yenə də almaq fikirləri var, deməli, seçimimiz pis olmayıb. Yenə eyni işi görəcəyik.
 
– Hələ heyətinizdə belə bir oyunçu qalıb – Ceyms Adeniyinin müqaviləsi davam edir.
– Onu da satmaq istəyirik. Həm də ciddi məbləğə. Bir neçə şifahi təklifi var, düşünürük. Qiymət məsələsində razılaşmalıyıq. Deyək ki, 100 minə satmaq istəsək, indiyə kimi yola salmış olardıq. Onun üçün layiq olduğu məbləğ ödənilməlidi. İstəyənlər xarici klublardı. Zənnimcə, Azərbaycanda onun tələblərini qarşılayacaq, eyni zamanda bizə çatacaq pulu verəcək gücdə klub yoxdu. Onu satıb büdcəmizə əlavə etmək istəyirik.
 
– Avrokubokdan imtinanız mümkündümü?
– Haqqımızda belə ehtimalların yazılması, deyilməsi gözləniləndi. Vəziyyətimiz bir az çətin olduğu üçün söz-söhbətlər ortaya çıxır, nəsə ehtimallar irəli sürülür. Amma biz hazırda Avropa Liqasına hazırlaşırıq, planlarımızı buna görə qururuq.
 
– Bəhlul Mustafazadənin xarici klublara gedişi mümkündümü? Deyəsən, onu da satmaq istəyirsiz.
– Hansısa oyunçuyla bağlı klubumuza xaricdən təklif gəlsə, müsbət dəyərləndirməyə çalışacağıq.
 
– Akademiyanızda avrokuboklarda və çempionatda layiqli çıxışınızı təmin edəcək səviyyədə və sayda futbolçu varmı?
– Yaxşı komanda yaratmağa çalışacağıq. Problem olmamalıdı.
 
– Hətta “Sumqayıt”la icarə müqaviləsi bitən Ülvi İsgəndərov, Yusif Nəbiyev kimi oyunçular da “Qəbələ”yə qayıtmağa həvəsli deyil.
– İnanmıram belə bir şey olsun. Komanda qurmaqla bağlı çətinliyimiz olmayacaq. Komandanın bundan sonra Qəbələdə qalacağı bəlkə də futbolçuları narahat edir, eyni zamanda daha yüksək maaş təklifi alıblar. Lakin biz də problemin həlli üçün lazım olanı edəcəyik.
 
AĞA
Shares: