Onu gah Polşa, gah Rusiya klubları istədi. Amma sonda bəlli oldu ki, bu futbolçu ölkəmizdə qalmaq üçün minimal şərtlərə də hazır imiş.
 
Ruslan Qurbanov özünü reklam etmək, yaddan çıxmasına imkan vermək üçün qəribə açıqlamalar verirdi. Sən demə, bu futbolçu üçün hətta ölkə xaricində də sinov gedirmişlər. Amma reallıq odur ki, Ruslan yalnız mövsümü sonuncu pillədə başa vuran “Keşlə”yə möhtacdı.
 
Qurbanov həmişə belə olub. Rusiyada doğulan, milliləşdirilərək 2010-cu ildə ölkəmizə gətirilən futbolçu bütün klublarına məhz belə təbliğatla ayaq açıb. Bacarığı, xüsusi istedadı olmasa da, güclü və imkanlı klublarımızın rəhbərlərinin saqqızını oğurlamağı bacarıb.
 
Sentyabrda 28 yaşını tamamlayacaq Qurbanova bu yay real təklif ancaq Azərbaycan klublarından gəlib. “Zirə” onu heyətinə qatmaqdan vaz keçib, yerli oyunçuları çıraqla axtaran “Keşlə” isə futbolçu ilə anlaşıb. Yaxın günlərdə müqavilə rəsmən açıqlanacaq.
 
Xatırladaq ki, “Keşlə” Ruslanın ölkəmizdəki 5-ci klubu olacaq. Stavropol “Dinamo”sunda yetişən, “Rostov”da oynadığı vaxt “Nika” və “Taqanroq” kimi zəif klublara icarəyə göndərilən rusiyalı, Azərbaycanda “Neftçi”, “Simqayıt”, “Qəbələ” və “Səbail”də oynayıb. Bir ara Xorvatiyaya legioner həyatı yaşayan, amma “Hayduk”da cəmi 5 oyuna çıxan Ruslan ölkəmizə qayıtmışdı. Premyer Liqada 179 oyunda 36 qol vuran hücumçu son olaraq bürünc medal qazandığı “Səbail”dən mövsüm bitməmiş göndərilmişdi.
 
O, əsas millimizdə 26 oyuna 1 qol vurub, 6 dəfə də U-21-in (1 qol) formasını geyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp