Ötən mövsümü əsas komandanın formalaşmasına sərf edən “Sabah” yeni addımlara hazırlaşır. Güclü, əsl peşəkar klub olmaq istəyən paytaxt təmsilçisi gələcəyi düşündüyünü əməldə sübut edir.
 
Bu ildən “Sabah”ın əvəzedici və U-19 komandalarına fərqli yanaşma görəcəyik. Xüsusilə “Sabah-2” birbaşa idman direktoru Emin Abbasovun nəzarətində olacaq. Əsas komandaya ehtiyat qüvvə hazırlanması, buradakı gənclərin düzgün inkişafı üçün əməli addımlar atılacaq, kollektivlər arasında əlaqə gücləndiriləcək. Ölkədə ən yaxı akademiyalardan birinə sahib olan klub bununla əsas komanda üçün layiqli ehtiyat qüvvə yetişdirəcək.
 
Ötən mövsüm Şakir Seyidov, Emil Qasımov, Rza Biqdelo və başqalarının simasında yerli gənclərin üzə çıxarılmasına, onlara əsas heyətdə yer verilməsinə şahid olmuşduq. Bundan sonra eyni xətt daha da inkişaf etdiriləcək. Əvəzedici heyətə bu baxımdan təcrübəsi olan Rövşən Babayevin baş məşqçi təyin olunmasının da səbəbi budur.
 
Abbasov ümumi işə nəzarət edəcək, gündəlik fəaliyyətdə isə məsuliyyət məşqçilərin boynunda olacaq. Hamı gənclərin inkişafı, onların əsas komandaya yüksəlməsi üçün çalışacaq. U-19 prosesdən kənar qalmayacaq. Burada çıxış edən futbolçular divizionda “Sabah-2”nin şərəfini qoruduğundan kollektivə rəhbərlik edən Hüseynqulu Quliyev ümumi məsləhətləşmələrdə, planlaşdırmalarda iştirak edəcək.
 
Bu, əsl peşəkar klub işidi. “Sabah” təkcə əsas komandanın nəticələrini deyil, həm də yerli gənclərin inkişafını təmin etməyi, onları milli komandalara qazandırmağı düşünür. Davamı gəlsin…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp