Hamının “Sumqayıt”da suların durulduğunu düşündüyü bir vaxtda yeni problem ortaya çıxıb. İndi də maliyyə problemləri kollektivi narahat etməyə başlayıb.
May ayının maaşlarını ödəməyən klub rəhbərliyi həm gedənlərə, həm də qalan oyunçulara iyunun sonunu gözləməyi məsləhət bilib. “Azərkimya” klub infrastrukturuna diqqət ayrılacağı üçün maliyyənin bura yönələcəyini və maaşların yubancağını bildirib. Bu, klubla müqavilə müddətini artıran və yeni gələn oyunçuların ürəyincə olmayıb. Mövsüm boyu belə olcağından ehtiyatlanan belə oyunçular anlaşmaları pozmağa hazırlaşır.
Futbolçuların narahatlığına əsas var. Sumqayıtda klub bazasının tikintisinə start verilməsi və stadionun yeni tribunasının tikintisi bu ilə planlaşdırılır. Deməli, belə maliyyə problemləri tez-tez yaşanacaq. Ona görə də bəzi oyunçular bağladıqları, amma hələ qeydiyyata düşməyən müqavilələrini pozmaq istəyirlər. Rəhbərlik tezliklə problemi həll etməsə, heyətdən bəzi qopmalar qaçılmazdı.