AFFA-nın baş katibi Elxan Məmmədov divara dirənən kimi əla bəhanə tapır. Bütün məsuliyyəti İcraiyyə Komitəsinin boynuna yükləyir, qərarı bu qurumun verdiyini dilə gətirir. Düz də edir.
 
İK üzvlərindən birinin də cəsarəti yoxdu ki, Məmmədovdan hoqqalarının səbəbini soruşsun. Axı, bu məşqçiləri katiblik təqdim edir. Və Milan Obradoviç İK iclasında namizəd kimi göstəriləndə də bəy tərifi ilə namizəd sayılmışdı. Serb çalışdırıcı qrup liderliyindən dəm vurmuşdu.
 
İlk oyundaca Lixtenşteyn kimi rəqibə məğlubiyyət Obradoviçin məşqçi səviyyəsini göstərdi. “Cırtdanlar”a tarixinin ilk sevincini yaşadan çalışdırıcının AFFA koridorlarında əsas millinin baş məşqçisi Nikola Yurçeviçin dalınca danışması da bəllidi. “Mən olsaydım, Xorvatiyada uduzmazdıq” ifadəsinin müəllifinin necə fırıldaqçı olduğunu bir oyunda gördük.
 
Obradoviçin oyundan sonra verdiyi açıqlama da biabırçılıqdı. Ya bu cümlələri işlədərkən sərxoş olub, ya da baş katibin rusdilli işçiləri onun dediklərini düzgün tərcümə edib, çatdırmayıb.
 
“Rəqibin bizə qarşı necə oynayacağını bilirdik. Gözlədiyimiz kimi, 10 nəfərlər müdafiə olunurdular. Təəssüf ki, oyun ərzində buraxdığımız bir səhvə görə məğlub olduq. Cinahlardan oyun quraraq rəqibin müdafiə xəttini yarmağa çalışırdıq. Ustalıq səviyyəsinin çatışmaması özünü göstərdi. Yəqin ki, bu da futbolçuların qələbə qazanmaq istəklərinin çox olması ilə əlaqədardır. Təbii ki, bu cür nəticə gözləmirdim”.
 
Sürpriz yoxdu, rəqib istədiyin kimi oynayır və sən yenə heç nəyi dəyişə bilmirsən. Bu, artıq məşqçi savadsızlığının göstəricisidi. Zəif rəqib istədiyin, gözlədiyin kimi oynayır, 10 nəfərlə müdafiə olunduğu halda sənə qol vurur və situasiyaya müdaxilə edə bilmirsən. Bu açıqlamanı hansısa yerli məşqçi versəydi, onu asardıq, amma serb üçün əl çalırıq.
 
Ustalıq səviyyəsinin çatışmaması artıq bəlli dərddi. Bunu Yaşar Vahabzadə də deyirdi, Rəşad Sadıqov da. Problemi bilə-bilə çarəni başqa yerdə niyə axtarırıq? Yerli məşqçilər bu vəziyyətlə daha yaxşı nəticə göstərirdi, daha 400 min avronu kiməsə yedirdib əcnəbi gətirmək nəyə lazımdı? Sadəcə, uşaqların ustalıq səviyyəsini artırmaq üçün kompleks işlər görülməlidi və bunu 10 ildi etməyən AFFA rəhbərliyinin vicdanı sızlamalıdı.
 
Futbolçuların qələbə qazanmaq istəyinin ustalıq səviyyəsinin çatışmaması ilə əlaqələndirilməsi serb kəşfi olmalıdı. Açıqlamada 2 cümlə bir-birini o qədər pis döyür ki, bu rəzalətə gülmək istəyirsən.
 
“Futbolçulara deyəcək sözüm yoxdur. Onlar bütün bacarıqlarının maksimum yerinə yetirdilər. Futbol elə bir oyundu ki, yaxşı oynayan hər zaman qalib gəlmir. Təəssüf ki, xal qazana bilmədik. Xal isə həmişə lazımdı. Bilirəm ki, düzgün yoldayıq. Çox yaxşı təlim-məşq toplanışı keçirdik. Futbolçura görə çox təəssüflənirəm. Oyun ərzində bir neçə qol imkanı yaratdıq, ancaq istifadə edə bilmədik. Bu oyun bizim üçün bir dərs olacaq”.
 
Futbolçuya deyəcək sözün yoxdusa, deməli, hər şeyi sən bərbad etmisən. Buna görə də üzr istəməli, hətta cəhənnəm olub getməlisən. Bir ay davam edən təlim-məşq toplanışına böyük vəsait xərclənib, nəticəsi isə biabırçı startdı. Qol vəziyyəti yaratmağa görə xal vermirlər, matça baxan hər kəs təsdiqləyər ki, futbolçularda istək, əzmkarlıq, milli ruh yox idi. Bunu motivasiya verməli olan məşqçi təmin etməliydi.
 
Məşqçilərin oyunçu seçiminə həmişə hörmətlə yanaşmışam. Bu səbəbdən “filankəs oynasaydı, daha yaxşı olardı” deyə irad bildirməyəcəm. Amma ona əminəm ki, start heyəti heç də ən güclülərdən təşkil olunmamışdı. Heyət üzü görməyən bir çox futbolçu meydanda idi, əvəzində daha hazırlıqlı saydığımız bəziləri şans qazanmadı. Ümumiyyətlə, dəvət almayan bir neçə futbolçunun da adını çəkmək olar.
 
Obradoviç bilər, amma daha düzünü AFFA bilməlidi. Belə fırıldaqçılarla, Azərbaycana sərvət qazanmaq üçün gələnlərlə parlaq gələcək olmayacaq. Onlarla şərik olduğu üçün belə məşqçiləri Azərbaycana calayanlardan hesab sorulmalı, elə İcraiyyə Komitəsində nəticələrə qiymət verilməlidi. Yoxsa Elxan Məmmədov haqlı çıxacaq və biabırçı nəticələrin məsuliyyəti İK üzvlərinin adına yazılacaq.
 
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp