U-21-lər arasında Lixtenşteyn – Azərbaycan oyununun nəticəsi sabaha olan ümidlərin üstündən xətt çəkdi. Əsas milli komandaya namizədlərimiz cırtdan ölkə təmsilçisinə tarixinin ilk xallarını bəxş edəcək qədər zəifdisə, o zaman nəyəsə ümid etməyin mənası yoxdu.
 
Milan Obradoviç Serbiyada 2-3 min avroya işləyəcək qədər sıradan biridi. AFFA rəhbərliyi isə onunla 400 min avroluq müqavilə imzalayıb. Məşqçiyə layiq olduğundan bu qədər artıq pul verilirsə, deməli, pərdə arxasında oyunlar gedir. Əslində , o pulun böyük hissəsi Milana deyil, bir başqasına çatır.
 
İstənilən halda, Obradoviç bu məğlubiyyətə görə belə tənqidə layiq birisi deyil. Onun yerində hansı məşqçi olsaydı, aşağı-yuxarı nəticə eyni olacaqdı. Çünki bu ölkənin futbol təsərrüfatı çürükdü. İndiki AFFA rəhbərliyi bünövrəni də dağıdıb, sistemi düzgün qurmayıb və belə biabırçılıqlar çox olacaq. 5-6 il sonranı ümumiyyətlə, təsəvvür etmək istəmirəm. Ya bütün komandalarımız milliləşənlərdən qurulacaq, ya da Andorra, San Marino səviyyəli milli komandaya sahib olacağıq.
 
Mətbuat nəticəyə görə U-21-i çox tənqid edir. Amma hədəf göstərilməli insanlar Nobel prospektindəki boz binada əyləşənlərdi. Kabinet bəyləri (lap böyük bəyin hətta burada kabineti də yoxdu – red.) stadionlara, meydanlara enməyincə, uşaq futbolundakı problemləri həll etməyincə, parlaq sabahdan danışa bilməyəcəyik.
 
Ola bilər ki, AFFA rəhbərliyi Lixtenşteyn məğlubiyyətinə görə futbolçulara mükafat paylayar – buna adət etmişik. Baş katib Elxan Məmmədovun nəticəyə baxmayaraq, yaxşı oynadığımızla bağlı raportu Elşad Nəsirovun da dəstəyi ilə Rövnəq Abdullayevin kisənin ağzını açmasına kifayətdi. Bu insanlar neft işçilərinin həyatını təhlükəyə atıb çıxardıqları təbii sərvətdən gələn pulu havaya sovurmağa, ciblərinə doldurmağa adət ediblər. Litvayla mənasız heç-heçəyə görə pul paylayanlar inanın ki, bunu da edər. Axı, Məmmədov və qulbeçələri də oradan tam həcmdə pay götürür.
 
İllərdi ölkə futbolu belə idarə olunub. Məğlubiyyətlərə vərdiş etmişik, həmişə də futbolçular, məşqçilər günahkar bilinib. Kreslo sahibləri isə pul üyütməyə davam ediblər. Futbol onlara çirkli pulların yuyulması üçün əla vasitədi.
 
Bu məğlubiyyət həm də simvolik xarakter daşıyırdı. 1998-ci ildə Lixtenşteynin əsas komandasına tarixində ilk qələbəni daddırmışdıq. Məhz həmin ildə doğulan uşaqlar 21 il sonra daha bir tarix yazdı. 98-dəki məğlubiyyətin memarı Vaqif Sadıqov isə Obradoviçin hesabat verməli olduğunu deyir.Bəs, sən özün kimə hesabat vermisən ki, bu qədər biabırşılığa rəğmən daim vəzifə sahibi olmusan, indi də İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri olmusan? Səndən hesabatı kim alıb?
 
Bəs, bu illər ərzində bizim başbilənlər nə edib? 12 ildi kreslo qucaqlayanlar tarixi təkrarlamaq üçünmü ora seçilib? Bəs, kütləvilik, inkişaf, sağlam nəslin yetişdirilməsi? Bu müddətdə 2 milyarddan çox pul xərclənib, əvəzində Premyer Liqada komanda sayı ən minimum həddə düşüb, kadr potensialından, ümumiyyətlə, danışmaq olmur.
 
Bu gün Macarıstanla oyundu. Azarkeş yenə təsadüfi qələbəyə ümidlidi. Çünki Elxan Məmmədovun komandasını milli komanda kimi qəbul edir, Azərbaycan naminə stadiona gedirlər. Final fitindən sonra üzüntü də ola bilər, baş altına yastıq qoyacaq təsadüfi uğur da. Lakin bu matç heç nəyi dəyişməyəcək. Dəyişməli olan ümumi baxış, münasibət, AFFA rəhbərliyi, onların strategiyasıdı.
 
Milli komanda o qədər ucuzlaşıb ki, baş məşqçi Nikola Yurçeviç onlara ayrılan 1 milyon avronun böyük hissəsini özünə saxlamaq üçün əcnəbi köməkçilərini Bakıda saxlamır. Onlar yalnız oyundan oyuna yığmanın düşərgəsinə gəlir və gün hesabı pul alırlar. Rəsmən bazar açıblar…
 
Axşam nəticə nə olursa olsun, futbolda islahatlar qaçılmazdı. İndiki AFFA rəhbərliyi artıq o qədər özündənrazı, arxayındı ki, biabırçılıqları da təbii hal kimi sırıyırlar. İnsanların əsəbiylə oynamaq yetər, səbr kasası çoxdan dolub. Bircə damla onu daşırmaq üçün kifayətdi.
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp