Macarıstana uduzduq? Hə, nə olsun ki? Hələ də əsəbləşirsiz? AFFA rəhbərliyi 12 il ərzində sizdə bu hissə qarşı immunitet yarada bilməyibmi?
 
***
 
Milli komandada milli ruh, vətən üçün döyüşmək, azarkeş üçün oynamaq, ayaq altına baş qoymaq kimi özəlliklər görmədik. Sanki 8-ci kilometr uşaqlarının oyunu idi, hətta onlar olsaydı, məhəllənin şərəfi naminə daha əzmkar olardılar. Macarıstan qarşısına çıxan “yığılmışlar komandası” isə sadəcə, 90 dəqiqəni yola verdilər. Məğlubiyyətə, heç-heçəyə görə mükafat alan cocuqlardı, Rövnəq babanı qılıqlayıb tərlədəcəklər,əsas bacarıqlarını paltardəyişmə otağında göstərəcəklər, meydanda can qoymağa nə lüzum var?
 
***
 
Futbolumuz can üstədi. Artıq dəyişməyə, oyunu gücləndirməyə ehtiyat oyunçu yoxdu. Meydandakıların leşi çıxmışdı, kiminlə əvəz etsinlər? Aşağı-yuxarı hamısı eyni gündədi.
 
***
 
Matçdan sonra AFFA rəhbərliyindən kimsə mətbuat qarşısına çıxmadı. Siçan deşiyinə girdilər. Dövlət rəhbərliyi Avro-2020-nin final mərhələsinə vəsiqə gözləyir, bunlar isə xal qrafasına “0”lar əlavə edirlər. Ən azı 6 “0” olmalıdı ki, Nikola Yurçeviçə verilən 1 000 000 avronu simvolizə edə bilsinlər. 3-cünü slovaklar təşkil edəcək.
 
***
 
O azarkeşlərə yazıq deyilmi? Fan-klubların sayəsində “Bakcell Arena” dolduruldu, milliyə dəstək verildi. İnandılar, növbəti dəfə güvənib, gəldilər. Bəs, onların yenə gəlməsi üçün milli komanda nə etdi? Bu azarkeşlər hər dəfə təhqir olunmalarına rəğmən, Azərbaycan naminə tribunaları doldururlar, “bəlkə bu dəfə alındı” deyə gəlirlər, dəstək verirlər.
 
Boş ümidlərdi. Rövnəq Abdullayev, Rauf Əliyev, Elşad Nəsirov, Elxan Məmmədov və digər hakimi-mütləqlər 12 ildi Azərbaycan futbolunun qəbrini qazır. Heç ölünün qıdığı gəldiyini görmüsüz? Daha qımıldanmırıq da, gələn-gedən vurub gedir. Sonra da adını çəkdiklərimizin ruhuna öz leksikonlarına uyğun fatihə oxuyurlar.
 
***
 
Macarlar hər dəfə qol vuranda AFFA rəhbərliyi yerindən dik atılır, televizor olan otağa qaçır, təkrara baxırdı. Sanki biz batırırdılar, dikinə-diksinə qalmışdılar. Bir xeyli ət tökdülər. Nəsirov yağlamaq üçün bir şey fikirləşəcək, yuxarıdakıların könlünü almağa çalışacaq, amma belə əziyyəti Allah düşmənə də göstərməsin.
 
***
 
Start heyətində meydana buraxılan futbolçulardan yarıdan çoxu – 6 nəfəri Azərbaycanda yetişməyənlər idi. AFFA rəhbərliyinin bacardığı iş ancaq budur – ya milliləşdirir, ya da harda bizimlə kiçicik bağlılığı olan birini gördülər, tutub gətirirlər. İllərdi milyonlar dağıdırlar, öz yetişdirdikləri isə Belarusda darmadağın olan və ya Lixtenşteynə tarixinin ilk qələbəsini qazandıran cocuqlardı.
 
***
 
Macarıstan sıradan bir komandadı. Belə ortababları ən azı ev oyunlarında yenmək lazımdı. Ustalıq çatmayan yerdə əzmkarlıqla, azarkeş dəstəyi ilə. Azarkeşlər yerində idi, sadəcə, futbolçuların canında qeyrət qalmamışdı, baş məşqçi Nikola Yurçeviç isə səviyyəsizliyini bir oyunla göstərdi. Beləsinə 1 milyon avro verənlərin ağlına şübhə etmək istəyirsən. Macarlar fövqəladə futbol oynamadı, bununla belə, istədikləri dəqiqələrdə qollarını vurdular. Xorvat məşqçimiz onların rahat oynaması üçün hər şəraiti yaratmışdı.
 
***
 
Məşqçini, futbolçuları qınaya bilmirəm. Yurçeviç pul qazanmağa gəlib, oyunçuların da maksimumu budur. Bütün günah idarəçilərdədi, strategiya yanlışdı, rəqabət mühiti yaradılmır, gənc nəslə diqqət yoxdu. Heç kim sabahı fikirləşmir, imkan düşmüşkən ciblərini doldururlar, sabah nə olar, olar. Yəqin vəzifələri daha da artar. Çünki iş bacarmayanları yüksəldiyi ölkədə yaşayırıq.
 
***
 
Artıq bu insanlara tənqid də təsir etmir, Yavaş-yavaş təhqirə immunitetləri yaranır. Biz məğlubiyyətlərə necə öyrəşmişiksə, onlar da söyüşə adətkar olublar. Söyülməyəndə narahat olurlar. Hər dəfə uduzduqca söyün – həm də yeddimərtəbəli…
 
FƏRİD
 
%287%29 - Futbolinfo.az
Shares: