İndi həmin uğura imza atmış insanlar hərəsi bir yerdədi. Klub prezidenti Yunis İldırımzadə futboldan kənar düşüb. Klubun yaşamasında böyük rol oynamış icraçı direktor Adil Nadirov haqq dünyasına qovuşub. Baş məşqçi Böyükağa Ağayev aktiv fəaliyyət göstərmir, köməkçiləri də onun kimi.
Futbolçular müxtəlif klublarda məşqçi kimi çalışır. Onlardan yığmada işləyən də olub, indi bekar olan da, hansısa uşaq məktəbində fəaliyyət göstərən də, xaricə köçən də. “Qarabağ”da yalnız Müşfiq Hüseynov davam gətirib.
Ən pis taleni Vurğun Quliyev yaşayıb. O, cəmi bir il sonra avtomobil qəzasında dünyasını dəyişib.
Həmin vaxt “Makkabi”ni keçmək “Qarabağ” futbolçularının hər birinə 1000 dollar mükafat qazandırıb. İndi “Sabah”ın baş məşqçisi olan Elşad Əhmədov xatırlayır: “O zaman 100 dollar da böyük pul idi. Mükafatları alan kimi əksəriyyətimiz telefon almağa tələsdik. “Aselsan”lar təzə çıxmışdı, yığışıb hərəmiz birini aldıq, hətta nömrələri də ardıcıl idi”.
Səttar Əliyevsə Ağdam klubunda qalmalarını xatırlayır: “Həmin oyundan öncə hamımız təklif almışdıq. “Turan”da vəziyyət əla idi, klub prezidenti Vidadi Əhmədov biz Ağdamdan çıxanda xəbər göndərmişdi. Deyirdi ki, gəlin, Tovuzda oynayın. Maaş, ev vəd edirdi. Biz isə adı yaşatmaq üçün hamısından imtina etdik. Dedik ki, biz də belə döyüşürük. Döyüşdük, qismətdən ölkənin şərəfini yaxşı qoruduq, tarixə düşdük”.
Bəhs etdiyimiz qələbənin 20 illiyini qeyd etmək üçün hələlik hər hansı təşəbbüs yoxdu. Hamı kiminsə qabağa düşəcəyini, təşkilatçılıq edəcəyini gözləyir. Halbuki ən azı bir stol arxasına yığışmaq, xatirələri canlandırmaq olar. Rəhmətlik Adil bəyin qəbrini ziyarət etdikdən sonra yada salmaq üçün çox mövzu var. Həm də ona görə ki, həmin oyun klubların Avropadakı hədəflərini böyütdü, inkişaf üçün böyük təkan oldu. Klub, AFFA bu tarixi unutmamalıdı.
Maraqlıdı ki, Səttar yubileyin yada düşəcəyinə inanmır: “Həmin oyundan sonra Ağdamın icra başçısı Həsən müəllim bizi “Çanaqqala”ya qonaqlığa apardı. Stolun üstündə hər şey var idi. Amma biz elə yorulmuşduq ki, əlimizi süfrəyə apara bilmədik. Su içdik, bir az danışıb, dağılışdıq. Heç olmasa, indi o qələbəni qeyd etmək istərdik, lakin özümüzdən başqa kimsənin yadına düşmür. “Qarabağ” klubun veteranı kimi yada salıb, bu illər ərzində heç hansısa avrokubok oyununa bir bilet göndərməyib. Ora qədər yada düşmürük”.
Əliyev bəzi futbolçuların fədakarlığı olmasaydı, “Qarabağ”ın ümumiyyətlə, olmayacağını deyir: "Komandanı fədakar futbolçular yaşatdı. Yadımdadı, 1 oyuna getməyib, texniki məğlubiyyət almışdıq, ikincisi reallaşsa, komanda çempionatdan çıxarılacaq və bəlkə də birdəfəlik dağılacaqdı. Bir hadisə oldu, komandanın Naxçıvana – növbəti turun oyununa getməyə imkanı yox idi. Özümüz yığışdıq, cibimizdən bilet aldıq və getdik, komandanı yaşatdıq”.
Böyükağa Ağayev (ortada) uğurun memarlarından idi
Elşad Əhmədov həmin heyətdə oynayanları indi rahatlıqla istənilən komandanı gücləndirə biləcəyini deyir: “O uşaqların hamısı indiki “Qarabağ”da rahat oynayardı. Uşaqların bacarığı, səviyyəsi çox yüksək idi. Amma elə durum idi ki, bəzi oyunlara məşq etmədən çıxırdıq, həftədə 2-3 dəfə məşq edə bilirdik. Şərait, imkan yox idi. Bakıdan Sumqayıta getmək üçün 20 yanvarda yığışırdıq, oradan avtobus bizi aparırdı. Hərəyə bir “peraşki” alıb sınıq-salxaq avtobusu gözləyirdik. Təlim-məşq toplanışı üzü görmürdük. Halbuki müntəzəm, sistemli məşqlə daha çox şeyə nail olardıq. Hamısı istedadlı uşaqlar idi, pis dönəmə düşdük”.
Səttar xatırlayır: “Maykalarımızı məşqdən çıxıb, yuyub asırdıq ki, növbəti məşqə qurusun. Avrokuboka gedəndə məşq formalarımızın eyni olması üçün, atışıb eyni rəngli ucuz forma aldıq. Birimiz “Bavariya”nın, “Beşiktaş”ın, digərimiz Braziliya yığmasının formasında məşqə çıxırdıq.
20 il keçib, indi ən azı pley-off oynamayan klublarımızı uğursuzluqda qınayırıq. Düz də edirik, çünki bu illər ərzində imkanlar qat-qat yaxşılaşıb, hədəflər böyüyüb. Və hədəfləri böyüdün – bu gün olduğu kimi – “Qarabağ” olub.
Bəlkə də iyunun 26-sı sıradan bir gün kimi ötüb keçəcək, bəlkə də yada salınacaq, hansısa səviyyədə qeyd olunacaq. Lakin dünəni unudan sabahı qura bilməz…
FƏRİD
Sətta ovaxtdan "Bavariya"lı idi