“Keşlə”nin Tərlan Əhmədovla yola davam edəcəyi çoxdan bəlli idi. Nəhayət, bu həftə klub baş məşqçi ilə rəsmi müqavilə bağladı və bütün suallara nöqtə qoyuldu. İndi isə onunla yeni mövsümlə bağlı danışmaq olar.
 
Əhmədov futbolinfo.az saytına müsahibəsində ötən mövsümü dəyərləndirdi, yeni transferlərdən, planlardan bəhs etdi.
 
– Müqavilənin rəsmiləşməsi münasibəti ilə sizi təbrik edirəm. Deyəsən, söz-zöhbətlər yersiz imiş, bütün köməkçiləriniz yerindədi.
– Hamısı yerindədi, bir əlavəmiz də var – Vadar Nuriyev. Məşqçilər qrupunun toplantısı oldu, hamısına işi, funksiyası izah edildi. Məsuliyyətimizi başa düşürük. Şaiyələr yersiz idi, heç kim komandadan uzaqlaşdırılmayıb, hamı işinin başındadı.
 
– Fiziki hazırlığa kim cavabdeh olacaq? Axı, sizdə konkret bu ixtisas üzrə çalışan yoxdu…
– Mehman Babayev. Yük hamımızın boynunda olacaq, ancaq əsasən ona tapşırılıb.
 
– Rəşad Sadiqov son yoxlama matçında meydana da çıxdı. Həqiqətən futbolçu kimi qayıdır, yoxsa dilxoşluq idi?
– Məşqçilərimizdən biridi. Amma ondan oynayan məşqçi kimi istifadə edəcəm. Ola bilsin, az oynadı və ya ümumiyyətlə, meydana çıxmadı. Rəşadın əsas işi futbolçulara ağsaqqallıq etmək, lider kimi onları birləşdirməkdi. Keçən mövsüm çox transfer olmuşdu, konkret yer yox idi və Sadiqovun xidmətindən yararlana bilmədik. İndi isə bunu etdik.
 
– Bu, həm də futbol bicliyidi. Məşqçilər heyətiniz genişdi və Rəşadın ehtiyat oyunçular skamyasında oturması üçün adı oyunçu kimi qeydiyyata düşməli idi.
– Sadiqov lider kimi futbolçuların, eləcə də mənim yanımda olmalıdı.
 
– Qarşıdakı mövsümdə boynunuzda hansı məsuliyyətin olmasından xəbəriniz varmı?
– Bilirəm və çətinlikdən qorxmuram. Keçən mövsüm sonuncu olmuşuq, indi isə avrokuboklara vəsiqə üçün döyüşməliyik. AZAL-da çətin vəziyyətdə işləmişəm, amma klubu atıb getməmişəm. Həyat, iş prinsipimdə qorxmaq anlayışı yoxdu. Ötən mövsümkü uğursuzluğun fərqindəyəm, orada nə qədər payımın olduğunu da bilirəm. Gördüyümüz işlə ümidi doğrultmalı, vəziyyəti tam dəyişməliyik.
 
– Yəqin ki, “Keşlə” ötən mövsümdəki qədər zəif olmayacaq…
– Gözəl kollektiv formalaşdırırıq. Komanda qurmaq daha asandı, biz isə çətini ilə məşğuluq, kollektiv qururuq. Daha istəkli, aqressiv “Keşlə” görəcəksiz.
 
– Öncə heyəti komplektləşdirməlisiz. Yerli oyunçu transferi yekunlaşıb, əcnəbiləri axtarırsız…
– Yerli oyunçularla bağlı iş demək olar, yekunlaşıb. Ola bilsin, hansısa transfer görəsiz. Amma bu dəqiqə əsas hədəfimiz legioner seçimi ilə bağlıdı.
 
– Gecikmirsiz?
– Tələsməyin də tərəfdarı deyiləm. Danışıqlar aparırıq, gözaltı etdiklərimiz var. Transfer pəncərəsi bağlanana kimi vaxtımız var. Amma biz yaxın 10 gün ərzində əsas seçimləri etmək niyyətindəyik.
 
– Braziliyalı yarımmüdafiəçinin yolunu gözləyirdiz. Axırı necə oldu?
– Argentinadan, Paraqvaydan, Avropa ölkələrindən baxdıqlarımız da var. Eləsi var ki, təklif edirlər, biz bəyənmirik. Bizim verdiyimiz pula qane olmayanlar da olur. Ən uyğunlarını seçəcəyik. Hücuma, müdafiəyə yeni futbolçular axtarırıq.
 
– İqor Yovanoviçin Bakıya gəldikdən sonra müqavilə imzalamamasının səbəbi nə idi?
– Detalları bilmirəm. Xorvat futbolçunu bəyənmiş, təklifimizi göndərmişdik. O da şərtlərlə razı olduğunu imzasıyla təsdiqləmişdi. Bildiyimə görə, Bakıya gəldikdən maaşının artırılmasını istəyib, daha sonra həyat yoldaşının burada yaşamaq istəməməsini bəhanə edib. Bu səbəbdən anlaşma baş tutmadı və Yunanıstana getdi.
 
– Türkiyəyə nə vaxt gedirsiz?
– İyulun 26-27-si. Avqustun 8-ə kimi 12 günlük toplanış olmalıdı.
 
– “Keşlə”nin büdcəsi də normaldı. Ötən mövsümkü rəqəmlərin saxlandığını eşitdik. Pul varsa, oyunçu tapa bilməməyin səbəbi nədir? Keyfiyyətli oyunçu yoxdu?
– Büdcəylə maraqlanmıram,işim komandanı formalaşdırmaqdı. Transferlərə tələsmirik, əvvəldə qeyd etdiyim kimi, uyğun variantı axtarırıq. Elə futbolçular var ki, onu fərqli menecerlər fərqli qiymətə təklif edir. Diqqətli olmağa, aldanmamağa məcburuq.
 
– Amma siz heyəti tez yığmağa, vaxtında komplektləşdirməyə də məcbursuz.
– Türkiyəyə gedənə kimi suallara nöqtə qoymağa çalışacağıq.
 
– Yeni müqavilə bağlayarkən rəhbərliyin qarşınıza qoyduğu əsas hədəf…
– Gözəl kollektiv formalaşdırmalı, daha sonra mükafatçılar sırasına düşmək üçün döyüşməliyik.
 
– “Keşlə”dən göndərdiyiniz yerli futbolçuların heç biri, əcnəbilərdən də çoxu hələ klub tapmayıb. Bu, onu göstərir ki, komandaya ötən mövsüm lazımsız, tələbat olmayan futbolçular həddindən artıq yığılıbmış.
– Mən hamıya uğurlar arzulayıram. Heç birini pis futbolçu saymıram. Sadəcə, bizdə işlər yaxşı getmədi və belə qərar verdik.
 
– Son günlər bir qrup iranlı futbolçunu sınayırdız. 7 nəfərin baxışa gəlməsi qeyri-ciddiliyin göstəricisi deyilmi?
– Bu barədə danışmaq istəmirəm. Çünki onları kimin təklif etdiyini bilmirəm. Amma qapımız hamının üzünə açıqdı. Bizə “götürməlisiz” deyə təzyiq yox idi, yoxlamağımızı xahiş etdilər, sonda qərara gəldik ki, heç biri işimizə yaramır və getdilər. Doğrusu, indi kimisə baxışa çağırmaq zaman itirmək deməkdi. Müasir texnologiya elə inkişaf edib ki, futbolçuları kompüterdə də izləmək olur. Elə ölkələr var ki, bu baxımdan çətinlik olur. İranlıları buna görə canlı izləmək lazım oldu. Doğrusu, istərdim ki, hansısa ümidimizi doğrultsun, heyətə götürək. Çünki onlara zaman itirdik, lakin olmadı.
 
– Sonra ikinci dəstə də gəldi…
– Daha 2 iranlı gəlmişdi, onları “Sumqayıt”la yoxlama matçında sınadıq və yola salmağı lazım bildik. Rəhbərlik nədəsə maraqlı olsaydı, bizə kimisə götürməyi təkid edərdi. Lakin sağ olsunlar, təkid etmədilər və hamısı yola salındı. Seçim bizim ixtiyarımıza buraxılıb, yeganə istədikləri təklif edilən oyunçulara baxılmasıdı.
 
– Premyer Liqada güzəşt hesabına qaldız. Üzərinizdə bunun ağırlığı varmı?
– Təbii ki, mənim də günahım var. Komandaya sonradan gəlsəm də, vəziyyəti dəyişə bilmədik. Bunu düzəltmək üçün qarşıdakı mövsümdə nəticələri çox yaxşılaşdırmalıyıq.
 
– Qışda sizin gətirdiyiniz oyunçuların da hamısı heyətdə möhkəmlənmədi.
– Vüsal İsgəndərli və Con Kamara ümidi doğrultdu və heyətdədilər. Pena ilə Kutsenkonu yola saldıq, amma onlar məcburiyyətdən götürülmüşdü. Hamı bilir ki, qışda yaxşı futbolçu tapmaq çox çətindi.
 
– Amma növbəti mövsümdə bu sözləri deyə bilməyəcəksiz. Çünki futbolçuları indi özünüz seçirsiz. Həm də zamanınız və təkliflər çoxdu.
– Buna görə tələsmirik. Məsuliyyətli olmalı, düzgün seçim etməliyik.
 
– Klubunuzun Müşahidə Şurasının sədri Zaur Axundov ötən mövsümü dəyərləndirərkən dedi ki, “məni aldatdılar”. Kim?
– Onu Zaur müəllim özü deyə bilər.
 
– Stanislav Namaşkonun transferi söz-söhbətə səbəb oldu. Onunla AZAL-da birgə işləmisiz və hamı qapıçını sizin kadrınız sayır.
– Klubda söz sahibi rəhbərlikdi. Oyunçu seçimini isə biz edirik, hansılarla ortaq məxrəc əldə edilirsə, müqavilə bağlanılır. Namaşko təklif edilən 10-a yaxın qapıçının arasında ən yaxşısı idi. Bəziləri çox bahalı idi, aralarında son 6 ayda, 1 ildə ümumiyyətlə, meydana çıxmayanlar çoxluq təşkil edirdi. Elə hücumçular təklif edirlər ki, son 3 mövsümdə cəmi 4 qol vurub. Biz də təklif bolluğu içində ən yaxşıları seçirik. Stanislava gəlincə, daim sabit oynayan qapıçıdı. Oynadığı komanda son mövsümdə Çernoqoriyada 3-cü yeri tutub, avrokuboklarda oynayacaq. Təklif göndərdik, razılaşdıq, səviyyəsi məni qane edir, qiyməti də klubu. Futbolçu qarpız kimidi, necə çıxacağını kəsmədən bilmirsən. Namaşkoya gəlincə, hər şey ondan asılı deyil, bütün seçimlərimiz yaxşı olmalıdı.
 
– “Keşlə”yə bütün menecerlər futbolçu təklif edə bilir?
– Bəli. Hazırda ölkəmizdən kənardan olan agentlərlə də işləyirik. 10-a yaxın menecer bizə futbolçular göndərir.
 
– Müsahibənin əvvəlində məşqçilərlə bağlı sualı təsadüfən vermədim. Nəyə görə bizim məşqçilər məsələn, fiziki hazırlıq üzrə ixtisaslaşmır?
– Şəxsən özüm 3 dəfə fiziki hazırlıq üzrə seminarda iştirak etmişəm. Məşqçilərimizə savadını artırmaq üçün maliyyə problemi əngəl olur. Məşqçiləri seminarlara, kurslara göndərə bilmirik. Fiziki hazırlıq üzrə məşqçilərə böyük pullar xərcləməkdənsə, həmin vəsaiti yerlilərin təhsilinə yönəltməli, öz kadrlarımızı hazırlamalıyıq. “Keşlə”də bununla bağlı müəyyən planlarımız var, ona görə də əcnəbi gətirmədik.
 
– SSRİ gənclər millisinin aparıcı futbolçusu olmusuz. Və sizdən başqa da dünya, qitə çempionu olan həmvətənlərimiz var. Bu faktlar isə azərbaycanlının futbol oynaya bilməsinin göstəricisidi. Bəs, niyə indi kadr qıtlığı yaşayırıq, yeni nəsil yetişmir?
– Azərbaycanda istedadlı uşaqlar həddindən artıq çoxdu. “Neftçi”də də, AZAL-da da işlədiyim vaxt bir çox gəncin üzə çıxmasında rolum olub. İndi də “Keşlə”də belə cavanları tapmağa, şans verməyə çalışırıq. Hazırda 2003-cü il təvəllüdlü 3 oyunçunu hazırlığa qatmışıq, başqa gənclər də var. İstedadlarımız çoxdu, onlara güvənməli, şans verməliyik. Daha əvvəl isə onları yetişdirməliyik. Uşaq məşqilərimizin səviyyəsi qənaətbəxş deyil, onların təhsil almasına, inkişaf etməsinə kömək etmirik. Bir də həmin məşqçilərin valideynlərin əlinə baxması mənfi haldı, elə təmin olunmalıdılar ki, buna ehtiyac qalmasın.
 
– Günah AFFA-dadı, klublardadı, yoxsa…
– Hamımızda. Biz ancaq tənqid edirik, təklifimiz, məsləhətləşməmiz yoxdu. Bütün klublarda uğursuz transferlər olur, hər mövsüm heç olmasa, 200 min manat hansısa oyunçuya görə israf olunur. Seçimlərdə diqqətli olsaq, bir futbolçunu az alıb, həmin məbləği klub akademiyalarına yönəldə bilərik. “Keşlə”nin, “Neftçi”nin, “Qarabağ”ın hərəsinin bir bölgəmizdə akademiyası olsa, böyük işlər görərik. İnanın ki, 200 min manata çox iş görmək olar. Regionlara diqqət olmasa, inkişaf olmayacaq. Biz onsuz da itirə-itirə gedirik.
 
– Ötənilki büdcə göstərdi ki, bunu şəxsən “Keşlə” edə bilər.
– Hamı edə bilər. Bizim büdcəyə gəlincə, stadionin icarə haqqına böyük xərcimiz çıxdığını nəzərə alın. Biz icarədə oynayırıq və bu, kluba çox mane olur.
 
– Büdcədən danışmışkən, 5-6 milyon manat büdcəsi olan klubun Azərbaycanda çempionluğa oynaması mümkündü?
– Mümkünsüz heç nə yoxdu. Sadəcə, kollektiv formalaşdırmalı, komanda olaraq hədəfə köklənməliyik.
 
– “Xəzər Lənkəran”, AZAL, “Neftçi”, indi də “Keşlə”də işləyirsiz.
– Hərəsinin öz problemləri, çətinliyi vardı. “Keşlə” ən çətinidi. Bura gələndə kollektivdə vəziyyət yaxşı deyildi. Elə futbolçu var idi ki, dünən maaşını alıb, sabah isə növbəti ayın əməkhaqqını tələb edirdi. Qarşısını almaq istəyəndə bu, oyuna, növbəti matçın nəticəsinə təsir göstərirdi. Xaos idi. Bu çətinlikləri gördüm.
 
– Yenə həmin klubdasız, deməli, eyni problemlər təkrarlanacaq.
– Axı, indi elə futbolçular yoxdu. Yeni kollektiv qururuq.
 
– Özünüzü “İnter”in baş məşqçisi sayırsız, yoxsa “Keşlə”nin?
– “İnter” heç yadıma da düşmür.
 
– Sualımın səbəbi var. Belə ki, “İnter”in özünəməxsus oyun tərzi var idi və bu, “Keşlə”yə də sirayət etmişdi. Amma qışda 15 futbolçu göndərildisə, deməli, komandanın dəst-xətti də dəyişməlidi. Əhmədov “Keşlə”də hansı oyun fəlsəfəsini oturdur?
– Mən həmişə hücum futboluna üstünlük vermişəm. İndi də buna uyğun heyət qurur, futbolçu axtarırıq.
 
– “ASK Arena”da təmir hələ başlamayıb. Deməli, yeni mövsümə başqa stadionda start verəcəksiz.
– Meydançamızın qazonunun dəyişilməsinə yaxın günlərdə başlanmalıdı. Ola bilər ki, ilk oyunları Mərdəkandakı “Dalğa Arena”da keçirdik. Amma bu, bəhanə olmamalıdı. Düşünürəm ki, nəticələrimizə təsir etməyəcək.
 
– Növbəti çempionata proqnozunuz…
– Yalnız özümüz haqda danışa bilərəm. Yaxşı kollektiv formalaşdıracaq və heç kimdən geri qalmayacağıq.
 
– Avrokubokda komandalarımızın şanslarını necə dəyərləndirirsiz?
– Hamısına uğurlar arzulayıram. İstərdim hamısı yaxşı nəticə göstərsin. İlk oyunlar üçün real mərhələ keçmək şansı “Qarabağ”dadı. Ağdamlıların təcrübəsi var və bundan yararlanacaqlar. Aftandil Hacıyevin uğur qazanmasını istərdim. “Səbail”in də, baş məşqçisinin də siftəsidi.
 
– “Neftçi”?
– Hamımızın ürəyimiz, məktəb keçdiyimiz klubdu. Doğrusu, necə hazırlıq keçdiklərindən xəbərsizəm. Bu üzdən yalnız uğur arzulaya bilərəm.
 
– İyunun 20-dən məşqlərə başlamısız. Komandanın durumu necədi, yeni transferləriniz ümidi doğruldurmu, ilk təəssüratlarınız necədi?
– Qane edir. Məni Emin Mehdiyevin dönüşü sevindirir, bu çempionatda sözünü deməlidi. Müdafiədə yeni oyunçumuz olan Flores çox yaxşıdı. Argentinalının oyunu oxuması bir yana, bütün komponentlərdə usta futbolçu olduğunu göstərir. Ziya “Sumqayıt”la oyunun ilk hissəsində əla idi. Uyğunlaşdıqdan sonra daha yaxşı olacaq. İlkin Qırtımovu artıq hamınız tanıyrsız, nəsə deməyin yeri yoxdu, təcrübəlidi. Namaşko da ötən mövsüm bütün oyunlarda forma geyib, bizə kömək edəcək.
 
– Türkiyədə niyə az qalacaqsız?
– 12 gün bizə kifayət edəcək. 4 yoxlama oyunu keçirəcək və yeni mövsümə hazır vəziyyətdə qayıdacağıq.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp