“Zirə” ötən mövsümün nəticələrinə görə avrokuboklardan kənarda qaldı. Daim qitə yarışlarını hədəfləyən qəsəbə təmsilçisi bu səbəbdən yeni çempionata daha səylə hazırlaşır. Düzdü, klubun büdcəsi əksər rəqibləri ilə müqayisədə zadı. Bununla belə, “qartallar” transfer bazarında çox aktivdi.
 
Klub prezidenti Natiq İsmayılovla söhbətdə planlardan, hədəflərdən danışdıq.
 
– Ötən mövsümkü “Zirə”ni bir neçə cümlə ilə necə dəyərləndirərdiz?
– Çətin və maraqlı mövsüm oldu. Avrokuboklara vəsiqə qazanmadığımız üçün təəssüflənirik. Amma qışdan sonra göstərilən oyun gələcəyə nikbin yanaşmağa əsas verdi. Doğrusu, birmənalı mövsüm olmadı. Yaxşı və pis məqamlar oldu.
 
– Bəs, yeni mövsümlə bağlı gözləntilərinizi qısaca necə ifadə edərdiz?
– Hər oyunda maksimum nəticə, sonda da avrokuboklara vəsiqə istəyəcəyik. Hər zaman olduğu kimi, məşqçilərdən, futbolçulardan bunu gözləyirik.
 
– Şər deməsən, xeyir gəlməz. Alınmasa…
– Alınmamasının da səbəbləri olur. Komanda yaxşı oynayacaqsa, alınacaq.
 
– Nəticə olmasa, yaxşı oyun sizə kifayət edəcək?
– Yaxşı oyun kifayət etmir. Amma bəzən görürsən ki, komanda sabaha ümid verir, o zaman nəyəsə görə səbr etmək olur. Yersiz dəyişiklik də faydasızdı.
 
– Transfer pəncərəsi açılan kimi elə başladız ki, ölkədə yerli oyunçu qalmayacağını düşündük. 3 yarımmüdafiəçi – Cavid Hüseynov, Elvin Camalov, Elvin Məmmədov sizi seçdi. Sonra bir əcnəbi qapıçı da aldız və dayandız. Sanki büdcəni düz planlaşdırmamışdız.
– İlk planımız yerli oyunçulara olan ehtiyacları tam ödəmək idi. Razılaşa bildiklərimizlə məsələni həll etdik. Elələri də var idi ki, onları heyətə qata bilmədik. İndi hədəf çatımazlıqları legioner transferləri hesabına aradan qaldırmaqdı. Bəlli büdcəmiz var və ona uyğun işləyirik. Transferlərimiz olacaq.
 
– Yerli oyunçu alışı gözlənilir?
– Mümkündü. Amma əsas işi əcnəbi oyunçularının alışı ilə görəcəyik.
 
– Yuxarıda adını çəkdiyimiz 3 oyunçuya sanki lazım olandan çox pul xərclədiz. Məsələn, Cavid bu yay müqavilə bağlayan yerlilər arasında ən ödənişli futbolçu olacaq.
– Azərbaycan futbolunun reallığı budur. Yaxşı kadrlar az olduğundan, futbolçuların qiyməti də bahadı. Bəlkə də bəzilərinin qiyməti oynadığı futbolla uyğun gəlmir, amma buna məcbursan. Limit var, yerli oyunçun çox olmalıdı. Bununla belə, Hüseynova ödədiyimiz pulun çox olduğunu düşünmürəm. Çox təcrübəli və keyfiyyətli oyunçudu.
 
– Samir Abasov…
– (gülür) Komandamızın baş məşqçisidi.
 
– Sualı davam etdirmədim və üzünüzdə təbəssüm yarandı. Həqiqətənmi mövsüm bitəndə onun gedişi gündəmdə deyildi? Bildiyimizə görə, bir neçə məşqçi ilə danışığa başlamışdız…
– Necə olacağını bilmirdik, məşqçi qərarını deməmişdi, bu səbəbdən ehtiyatlı idik. Samir müəllimə yeni təklifi hələ çempionat bitməmiş etmişdik. O qərarını verən kimi yola davam etməyi lazım bildik.
 
– Yeni təklif həm də yeni tələb deməkdi. Qarşıdakı mövsümdə Abasov hansı işi görməlidi?
– Tələb avrokuboklara vəsiqə qazanmaqdı.
 
– Yalnız bu halda razı qalacaqsız?
– İnşallah.
 
– “Zirə” komandadı, yoxsa klub?
– Əlbəttə, klub!
 
– Amma daha çox komandaya oxşayır.
– Baxır siz hansı parametrləri əsas götürürsüz.
 
– Məsələn, bilmək istərdim ki, “Zirə”nin yaxın 5-10 il üçün strateji planı varmı?
– Düzü, uzunmüddətli planımız yoxdu.
 
– Sponsorlarınızdan olan “Bakcell” ilə müqavilənizin niyə rəsmi təqdimatı olmadı?
– Bu, qarşı tərəfin istəyi idi.
 
– Bu şirkətin sizə ayırdığı məbləğ hansısa işin qarşılığıdı, yoxsa ianədi?
– İanədi.
 
– Klubla bağlı əsas qərarları kim verir: siz, yoxsa fəxri prezident Orxan Məmmədov?
– Məsləhətləşib, müzakirə edib, veririk. Həlledici qərarlar Orxan bəyə məxsusdu.
 
– Sizcə, “Zirə” bu gün Azərbaycan futboluna nə verir?
– Premyer Liqaya, Azərbaycan futboluna maraq, rəngarənglik qatırıq. “Zirə” ötən mövsüm ən baxımlı futbol oynayan komandalardan biri idi.
 
– Cəmi 8 komandadan biri…
– (gülür) Ən baxımlı futbol göstərənlərdən biri.
 
– Ötən mövsüm sizi ən çox məmnun edən oyun hansıydı?
– “Qarabağ”la 0:0 oynadığımız matç.
 
– Bəs, ən pis oyun?
– Pis oyun yox, ən pis birinci hissə. “Sumqayıt”la kubokun ¼ finalındakı cavab matçının ilk yarısı. Bizdə heç nə alınmadı, rəqibin isə qapıya 3 zərbəsi qol oldu. Halbuki həmin zərbələr başqa matçlarda qola çevrilməzdi, həmin qarşılaşmada isə rəqibdə hər şey alındı.
 
– Yaxşı oyun kimi hesabın açılmadığı, pis oyun kimi 6 qolun vurulduğu qarşılaşmanı seçdiz.
– Çünki “Qarabağ”la oyun əla alınmışdı. Dəfələrlə real qol şansı yaratdıq, bəzi məqamlarda çox üstün oynadıq. Komanda çox yaxşı oyun göstərmişdi. “Sumqayıt”la 3:3 hesabıyla bitən matçın ilk hissəsi isə faciə idi. Rəqibin bütün əks-hücumları qol oldu.
 
– “Zirə” 6 aydan bir, uzağı, mövsüm bitən kimi legionerlərini dəyişir. Bu, komanda oyununa da, kluba da ziyan vurur. Səbəb məşqçilərdi, yoxsa rəhbərliyin nəzarətsizliyi?
– Əslində, burada bir neçə faktor var. Bəzi futbolçular bir mövsüm oynayandan sonra elə bir məbləğ istəyir ki, klubun onu ödəməyə imkanı çatmır və yola salır. Belədə onları buraxmalı və başqasını gətirməli olursan. Bu il bir qədər fərqli oldu və komandanın özəyini saxlamağa çalışdıq. Əsas legionerlərimizin demək olar, hamısı yenə bizimlədi. Və bu amilin bizim üçün üstünlük olacağını düşünürəm.
 
– “Zirə”nin əcnəbi seçiminin pis olduğunu demək olmaz. Qışda gələn oyunçularınızın hamısı ümidi doğrultdu. Ümumiyyətlə, klubunuzun əcnəbi seçimi həmişə yaxşı olub. Komandanın qışdan sonra əla çıxış etməsi, hətta imtina etdiklərinizi başqa klublarımızın götürməsi də bunu sübut edir. Amma sanki səhv onlarla qısamüddətli müqavilə bağlanmasındadı? Seleksiyanıza güvənmirsiz, yoxsa?..
– Adətən müqavilələri 1+1 il şərti ilə bağlayırıq. Futbolçu komandaya fayda verdikdə həmin +1 şərtindən istifadə edirik. Futbolçuların tələbləri böyük olduğundan, onları saxlamamaq qərarına gəldik.
 
– Deməli, +1 şərti “Zirə”də formallıqdı…
– Hardasa, hə. Bu ildən uzunmüddətli müqavilələr bağladıq. Şafiklə və başqaları ilə anlaşmamız ikiillikdi. Artıq bizə lazım olacağını düşündüyümüz futbolçuları rahatlıqla buraxmayacağıq.
 
– Akademiyanızın yetirmələrini nə vaxt heyətdə görəcəyik?
– 2 ilə “Zirə”nin öz yetirmələri artıq əsas komandada olacaq.
 
– Axı, uşaq komandalarınızın nəticələri o qədər də yaxşı deyil. Sizdə bu ümid haradandı?
– Nəticə pis ola bilər, lakin bütün milli komandalara futbolçu veririk. Millilərimizdən birinin kapitanı bizim yetirməmizdi. Ona görə sabahla bağlı ümidliyik. Tezliklə əsas komandada “Zirə”nin akademiyasında yetişmiş futbolçuları görə biləcəyik.
 
– Sizcə, əsas millinin məşqçiləri nəyə görə həmişə “Zirə”nin futbolçularına biganə qalır?
– Bu sualı millinin məşqçilərinə vermək lazımdı. Bilmirəm. Hərənin futbola öz baxışı var, yəqin belə məsləhətdi.
 
– Bakı kəndlərindən vaxtilə xeyli yaxşı futbolçu çıxıb. Qəsəbə təmsilçisi kimi onlara diqqət edirsizmi? “Zirə” akademiyası üçün Bakı kəndlərində futbolçu axtarırmı?
– Akademiyamız elə yerdə yerləşir ki, bunun üçün münbit şərait var. Və bizdə əsasən Bakı kəndlərindən seçilmiş uşaqlar oynayır.
 
– Akademiyanın məşqçilərindən razısızmı? Ümumiyyətlə, seçim, seleksiya işi necə aparılır?
– Ötən ilə kimi məsuliyyət akademiyanın koordinatıru Adil Şükürovun boynunda idi və bu işi yaxşı görürdü. İndi o gedib və yeni koordinator axtarırıq. Tapandan sonra işə davam edəcəyik.
 
– Bu məsələ nə vaxt həllini tapacaq?
– Yaxın günlərdə, həftələrdə… Yeni koordinatorumuz da yerli mütəxəssis olacaq.
 
– Nəyə görə müstəqil klub olan “Zirə”nin əsas meydançasını AFFA təmir etdirdi?
– Bunu AFFA etmədi. UEFA-nın layihəsi idi. “Het-trik” proqramı çərçivəsində bizim meydana da diqqət ayırıldı.
 
– Avrokuboklara vəsiqə uğrunda əsas rəqibiniz kim olacaq?
– Bütün klublar yaxşı heyət yığır, transferlər edir. Kimizə fərqləndirmək və ya zəif saymaq olmur.
 
– Büdcə baxımından əksəriyyətdən geri qalırsız. Bu mübarizədə sizi hədəfə götürəcək əsas üstünlüyünüz nədir?
– Komandanın özəyini qorumaq üstünlüyümüz olacaq. Baş məşqçi bu futbolçularla bir ilə yaxındı işləyir, yaxşı ünsiyyət qurulub, hamı bir-birini tanıyır. Anlaşma yaxşı səviyyədədi. Bir yumruq olub, oynayacağıq.
 
– “Qarabağ”ı nə vaxt udacaqsız? Ötən il müsahibənizdə vəd vermişdiz, amma yenə bacarmadız.
– (gülür) Bu mövsümdə ümidvaram. Hər il çempionu udmaq üçün oynayırıq, bacarmırıq. Heç-heçəyə nail olmaqla, ilk addımı atdıq.
 
– Kubokda uğur qazanmağınız üçün nə çatmadı?
– (ah çəkir) Bəxtimiz gətirmədi. “Sumqayıt”la oyunun ilk hissəsini yada salanda dəhşətə gəlirəm. İndiyə kimi hər gün o oyunu yada salıram. Futbolda belə şeylər olur, lakin bizim üçün faciə idi.
 
– Bəlkə faciənin səbəbi qarşı tərəfdə sabiq baş məşqçinizin olması idi?
– Düşünmürəm. İkinci hissədə də həmin məşqçi idi. Sadəcə, bəxtləri gətirdi. İlk qolda Peyman Babayi fərqləndi. Qapıya 100 dəfə elə zərbə vursa, birində çərçivəyə düşməz, amma həmin gün alındı. Bur qolda qapıçının səhvi oldu. Belə şeylər başa gəlir.
 
– Heyətdə saxlaya bilmədiyiniz hansı futbolçuya görə təəssüflənirsiz?
– “Səbail”lə müqavilə bağlayan Bilal Həmdinin adını çəkərdim. Maaşına 50 faizlik artım istədi, alınmadı.
 
– Neçə futbolçu alacaqsız? Komandada oyunçu sayı çox azdı.
– 3 legioner götürəcəyik. Bir yerli oyunçu da ola bilər.
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp