“Kayserispor”un yarımmüdafiəçisi Hasan Hüseyinin millimizdən dəvət aldığını dilə gətirməsi təsadüf deyil. AFFA da xəbəri dolayısı ilə təsdiq edib, futbolçuyla təmasa keçilmədiyini, amma belə bir fikir olduğunu açıqlayıb.

AFFA hər nə qədər bunun məşqçilərin təşəbbüsü olduğunu, amma futbolçuya təklif göndərilmədiyini bəyan etsə də, Hasanın dəvət aldığını bildirməsi, artıq məsələdən xəbərdar olduğunu göstərir. Deməli, menecerlər iş başındadı, “quşlar xəbəri uçurub”.

“Keşlə”də bir həftə içində doqquz iranlının sınaqdan keçirilməsi də adi olay deyil. Cənubi azərbaycanlı qardaşlarımız dəvət edilib ki, onların içindən 1-2 nəfər seçilsin, milliləşdirilsin. Baş məşqçi Tərlan Əhmədov bu dəstədən heç kimin işə yaramadığına qərar verib, lakin proses davam edəcək, yenə baxışa gələnlər olacaq. Hətta bəyənilməyən bu oyunçulardan kiminsə sabah “Sumqayıt”da peyda olduğunu görsəz, təəccüblənməyin.

Əldə etdiyimiz məlumata görə, AFFA milli komandamızın gücləndirilməsi, heyətdə rəqabətin artırılması üçün yenidən milliləşdirmə prosesinə start vermək istəyir. “Keşlə” və “Sumqayıt” rəhbərliyinə ən azı bir İran vətəndaşını komandaya götürmək tapşırılıb. Həmin futbolçular azərbaycanlı olmalı, yığma üçün milliləşdiriməlidilər.

“Keşlə” hələlik axtarışdadı, “Sumqayıt” isə 3 nəfəri gözaltı edib, onları tezliklə düşərgəyə dəvət edəcək. Artıq bir nəfərin millinin növbəti toplanışlarına çağırılacağı dəqiqdi. Yeni gələcək oyunçular öz yerində, qışdan “Sumqayıt”da çıxış edən Peyman Babayi haqda qərar verilib. Baş məşqçi Nikola Yurçeviç onu qarşıdakı oyunlarda siyahıya salacaq.

Axtarışlar təkcə İranda aparılmır. Bu ölkəylə əlaqəsi olan “Keşlə” rəsmisi Ramiz Məmmədov işə qoşulub. O, uzun illər oynadığı, işlədiyi qonşu ölkədən namizədləri gətirir. Türkiyədə və Almaniyada axtarışlar isə digər 2 menecerə həvalə edilib. Onlar bir neçə türkiyəlinin arasından seçim edir və azı 1 nəfəri yığmamıza gəlməyə razı salmaq tapşırığı alıblar. Hasan Hüseyin “radar”a düşən ilk futbolçudu.

AFFA-nın addımının səbəbi bəllidi. 10 ildən artıq müddət boşa verilib, uşaq futbolunda ciddi işlər görülməyib, yeni nəsil yoxdu. Buna görə də milli komandanı gücləndirmək üçün əcnəbilərə qucaq açmağa məcburdular. Avropa çempionatının seçmə mərhələsində ardıcıl 3 məğlubiyyətdən sonra vəziyyəti qismən düzəltmək üçün heyətin hansı yolla olur-olsun gücləndirilməsi lazım bilinib.

Təbii ki, uğursuz cəhddi. Ufuk Budak, Pərdis Fərcad-Azad, Tuğurul Erat, İlter Taşkın, Cihan Özkara, Uğur Pamuk, Əli Gökdəmir, Dəniz Yılmaz və başqalarını görmüş adamlarıq, onları isə çoxdandı görən yoxdu. Yeni dalğa da heç nəylə fərqlənməyəcək, sadəcə, işbazların yeni oyunudu. Futbol təsərrüfatını əldən vermək istəmir, hər dəfə yeni hoqqayla özlərini işgörən kimi göstərirlər. Amma hər dəfə belə addımlar bizi uçuruma bir az da yaxınlaşdırır.

Bizə “arkadaş”, “baba” lazım deyil. Özümüzdə kifayət qədər istedadlı uşaqlar var, onları tapmaq, yetişdirmək, inkişaflarına nail olmaq lazımdı. Futbolla oynamayın, imkan verin uşaqlarımız futbol oynasın!

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp