Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri futbol ictimaiyyəti ilə görüşləri davam etdirirlər.
Növbəti belə görüş Şirvan şəhərində keçirilib. Bu barədə məlumatı Komanda.az-a təşkilatın sədri Nazim Süleymanov verib. Süleymanov bildirib ki, təşkilatın tanıdılması, məram və məqsədi ilə bağlı məlumat vermək üçün Şirvan şəhərinə gediblər:
“Şirvanda bizi olduqca xoş qarşıladılar. Mənimlə birgə Səmədağa Şıxlarov və Novruz Əzimov da Şirvana səfər etmişdi. Qeyd edim ki, görüşdə təkcə Şirvanın futbol ictimaiyyəti iştirak etmirdi, Sabirabad və Salyandan da nümayəndələr görüşə gəlmişdilər”.
Süleymanov görüşdə xeyli məsələlərlə bağlı müzakirələrin aparıldığını bildirdi:
“Bilirsiz ki, mərkəzi aran bölgəsinin Azərbaycan futbolunda özünəməxsus yeri var. Bu bölgədən xeyli istedadlı futbolçular çıxıb. Burda futbolu sevirlər, futbolla məşğul olmaq istəyirlər. Uşaq futbolunun inkişafı üçün bu bölgədə potensial var. Xüsusən də, kadr potensialını qeyd etməliyəm.
Şirvanın, Sabirabadın, Salyanın futbol komandaları hələ SSRİ dönəmində mövcud olub. Bu bölgədə futbolu inkişaf etdirmək üçün sadəcə, kiçik bir təkana ehtiyac var.
Biz futbol ictimaiyyətinin nümayəndələri ilə görüşdə uşaq futbolunun bölgədəki durumu, veteranların üzləşdikləri problemlər və bunların həlli yolları ilə bağlı müzakirələr apardıq. Təşkilatın məramı, məqsədi barədə məlumat verdik. Ümid edirəm ki, bu müzakirələr futbol ictimaiyyətinin nümayəndələri arasında nikbin əhval-ruhiyyə yarada bildi. Hər kəs inanır ki, futbolumuzun inkişafı, veteranlara dəstəklə bağlı əməli addımlar atılacaq.
Müzakirələr zamanı bəlli oldu ki, hər bir veteran futbolçu bilik və bacarığını Azərbaycan futbolunun inkişafı naminə sərf etməyə hazırdır. Sadəcə, onları görmək, dəyərləndirmək və güvənmək lazımdır”.
Nazim bəyin dediyinə görə, təşkilatın futbol ictimaiyyəti ilə görüşləri bundan sonra da davam edəcək.
Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri Gəncə, Masallı, Buzovna, İmişli və Lənkəranda görüşlər keçiriblər.