Kiprin APOEL klubunun baş məşqçisi Paulo Trametsani Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində potensial rəqibləri olan “Qarabağ”la “Dandalk” haqqında açıqlama verib.
Futbolinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, turnirin 2-ci təsnifat mərhələsində Monteneqronun “Sutyeska” klubu ilə cavab qarşılaşmasından (3:0) sonra mətbuat konfransı keçirən mütəxəssis, 3-cü mərhələdəki potensial rəqibləri haqda bunları deyib:
“Bu mərhələdə zəif rəqib olmur. Hər bir klub güclü, fərqli komandalardır. “Dandalk” süni örtüklü, kiçik stadionda oynayır. “Qarabağ” isə güclü və texnikalı komandadır. Heyətində uzun illərdir birlikdə çıxış edən yaxşı futbolçular var. Rəqibin kimliyindən asılı olmayaraq, bu mərhələdəki oyunlar çətin keçəcək”.
“Qarabağ” və “Dandalk” komandaları arasında cavab oyunu bu gün saat 21:00-da “Dalğa Arena”da keçiriləcək. Bu komandalar arasında keçirilən ilk matçda 1:1 hesablı bərabərlik qeydə alınmışdı.