Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Dandolk" klubunu 3:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksələn "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, klub rəsmisi öncə oyunla bağlı danışıb:
– Bu gün gözəl oyuna tamaşa etdik. Bir qol vurmağımız oyunun açılmasına səbəb oldu. Rəqib də əks-hücumda özünü göstərmək istədi. Gözəl oyun oldu, təbrik edirəm.
– Necə hesab edirsiniz, “Qarabağ” III mərhələdə Kiprin APOEL klubunu mübarizədən kənarlaşdıra biləcək?
– Bilirsiniz, rəqib güclüdü, büdcəsi də bizdən yuxarıdı. APOEL hörmətəlayiq klubdu. “Qarabağ”ın oyununu bu gün birgə izlədik, mən həzz aldım. Qurban Qurbanov doğru siyasətlə klubumuzu idarə edir. “Qarabağ” doğru addımlarla irəli gedir. Hesab edirəm ki, indiki komanda tarixin ən güclü “Qarabağ”ıdı. Fikrimcə, çoxunuz mənimlə razılaşarsınız. Ona görə də addımlarımızı əmin şəkildə atırıq, qabağa gedirik. Kim deyə bilər ki, axır nəticəsi nə olacaq? Ancaq hesab edirəm ki, APOEL qarşısında güclü komanda görəcəyik.
– Azarkeşlərlə polislər arasında insident yaşandı. Bununla bağlı nə tədbir görüləcək?
– Mən də gördüm. Xoşagəlməz şey oldu. Narahat olduq. Ancaq nə olduğunu bilmirəm. Klub olaraq, orqanlarla danışacağıq, məsələnin nə olduğunu öyrənəcəyik. Meydana da azarkeş daxil oldu. Bu da yaxşı hal deyil. Buna görə klubumuz cərimələnir.
– Çempionlar Liqasında mübarizəni dayandırsanız, planlar necə olacaq?
– Avrokuboklarda davam edəcəyik. Gəlin, belə danışmayaq. Qarşıdakı oyunlara diqqətimizi cəmləməliyik. İnşallah, bu oyunlardan uğurla ayrılmalıyıq. Mənim hədəfim budu.
– “Neftçi” APOEL-lə daha öncə qarşılaşıb. Səfər oyununda rəqib azarkeşlər təxribata əl atmışdılar. Dağlıq Qarabağ məsələsi də hallanırdı. Bunu nəzərə almısınız?
– Xeyr, oyunumuzu fikirləşirik. “Qarabağ” oyun, cəsarət, keyfiyyət və şəxsiyyəti ilə Qarabağ məsələsini dünyaya çatdırmalıdır. Bizim işimiz budu. Sülhsevər klubuq. Ancaq idmanı, futbolu düşünürük. Təxribat barədə məlumatımız var.