Almaniyada bu ölkənin ən titullu klubu “Bavariya”nın təşkilatçılığı ilə keçirilən “Audi Cup 2019” turnirinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turnirdə təşkilatçı “Bavariya” ilə yanaşı, İspaniyanın “Real”, İngiltərənin “Tottenhem” və Türkiyənin “Fənərbaxça” klubları mübarizə aparırdı.
İlk oyun günündə baş tutan yarımfinal görüşlərində məğlubiyyətlə üzləşən “Real” və “Fənərbaxça” bu gün 3-cü yer uğrunda oyunda üz-üzə gəlib. Bütövlükdə 8 qolun qeydə alındığı qarşılaşma Madrid təmsilçisinin 5:3 hesablı qələbəsiylə yekunlaşıb. İspaniya təmsilçisinin heyətində Kərim Benzema het-trikə imza atıbsa (12, 27, 53), digər qolları Naço (62) və Dias (79) vurub. İstanbul klubunda isə Qarri Rodriqes (6), Dirar (34) və Ozan (59) fərqlənib. Beləliklə, “Real” sözügedən turnirdə 3-cü yeri tutubsa, “Fənərbaxça” sonuncu olub.
“Alyans Arena”da keçirilən final matçında isə “Tottenhem”lə təşkilatçı “Bavariya” üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 2:2. Lamela (19) və Eriksenin (57) qolları ilə 2:0 önə keçən London klubu, qalan dəqiqələrdə üstünlüyünü əldən verib (Arp, 61. Devis, 82). Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Tottenhem” 6:5 üstün olub və “Audi Cup” turnirinin qalibi olub.