Tula “Arsenal”ın;n (Rusiya) baş məşqçisi İqor Çerevçenkonun Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyunundan əvvəl mətbuat konfransı keçirilib.
Futbolinfo.az xəbər verir ki, Çerevçenko jurnalistlərin suallarını cavablandırıb:
– “Rostov”la oyundan sonra heyətdə hansısa problem varmı?
– Ciddi problem yoxdu. Hər matçdan sonra müəyyən suallar ortaya çıxır. Heç bir itkimiz yoxdu, bütün futbolçular sağlamdı.
– Bakıda hava çox istidi. Bunun oyununuza təsiri olacaqmı?
– Düşünürəm ki, temperatur həmişə oyunun tempinə təsir göstərir. Ancaq istiyə müraciət etmək fikrində deyilik. Aydındı ki, ev sahibləri bu hava şəraitinə öyrəşiblər. Amma yenə də, qorxulu bir şey görmürəm. Hər şey qaydasındadı.
– Komandanın bu duruma öyrəşməsi üçün daha tez gələ bilməzdiz?
– Bir gün əvvəl gəlmək üçün hər hansı səbəb görmürəm.
– Komandanız son iki ev oyununda məğlub olub. Bu nədən qaynaqlanır?
– Əlbəttə, ardıcıl iki oyunda uduzmağımız xoşagəlməz haldı. Xüsusən də, evdə. Ancaq bunlar da yaşanmalıdı. Ad çəkməyəcəm, amma yaxşı bir ingilis məşqçisinin dediyi kimi: hər məğlubiyyəti faciəyə çevirsəz, mənə bir il kifayət edər.
– “Neftçi”yə ilk görüşdə məğlub olmağınızın səbəbi nə oldu?
– İstər Rusiya çempionatındakı rəqiblərə, istərsə də “Neftçi”yə hörmətlə yanaşırıq. Hətta yoxlama görüşündə qarşılaşdığımız komandalara da. Səbəb heç də “Neftçi”nin bizi yaxşı təhlil etməsi deyil. Biz də onları yaxşı araşdırmışdıq. Sadəcə, onlar yüksək təzyiq tətbiq etdilər. Bu, uzun müddət davam etdi. “Neftçi”, demək olar ki, bütün oyunboyu pressinq etdi. Bu da əsas problemlərdən biri idi. Üstəlik, rəqib müdafiədə çox yaxşı çıxış etdi.
– Rusiyada çempionat davam edirsə, Azərbaycanda hələ başlamayıb. Bunun sizə nə kimi üstünlüyü var?
– Burda iki məqam təsir edə bilər. Bizdə çempionat başlayıb, çox oyunlar olur. “Neftçi”nin isə rəqibi öyrənmək üçün daha çox vaxtı oldu. Onlar matça sakit şəkildə hazırlaşa bilirlər. Həftəlik dövr əladı. Bunun mənfi və müsbət təsiri ola bilər.