“Belə yüksək səviyyəli komandaya qarşı səfərdə oynamaq həmişə çətin olur”.
Futbolinfo.az xəbər verir ki, bunu "Dandalk”ın qapıçısı Qari Rocers deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın qonağı olan İrlandiya çempionu 0:3 hesabı ilə məğlub olaraq, bu turnirdə mübarizəni dayandırıb. Qarşılaşmadan sonra fikirlərini bildirən Rocers komanda yoldaşlarının mübarizə əzmindən məmnun qalıb:
"Müsbət məqam ondan ibarətdi ki, son 20 dəqiqəyə qədər mübarizədən qopmadıq və oyunu çevirmək üçün şans qalırdı. Son dəqiqələr uğursuz alındı, ancaq həmin vaxta qədər oyunun içində qala bildik. Bütün təcrübəmizi ortaya qoyduq, amma alınmadı. "Qarabağ" ikinci qolu vuranda cütün taleyini həll etdi".
Mübarizəni Avropa Liqasında davam etdirəcək "Dandalk" III raundda "Slovan"la üz-üzə gələcək. 38 yaşlı qolkiper pley-offa yüksəlmək üçün yaxşı şanslarının olduğunu düşünür: "Məğlubiyyətə baxmayaraq, mübarizəni Avropa Liqasında davam etdirəcəyik. "Slovan"la gələn həftə keçiriləcək ilk görüşü səbirsizliklə gözləyirik. Uşaqlar bu gün bir az zəif çıxış etdilər. Amma Avropa Liqasında pley-off mərhələsinə yüksəlmək üçün əla şansımız var. Necə nəticələnəcəyini heç kim bilmir. Qrupa düşmək çox çətindi, ancaq eyni zamanda müsbət haldı. "Qarabağ"a uduzsaq da, sabahı Avropa Liqasında olan komanda kimi açacağıq".