İndiki komanda heç də bütün dövrlərin ən yaxşı “Qarabağ”ı deyil. Ağdam klubunun daha yaxşı formada olduğu vaxtlar, daha mükəmməl heyəti olan zamanlar görmüşük. Bu səbəbdən Tahir Gözəllə razılaşmayacağıq.
Lakin o da həqiqətdi ki, “Qarabağ” bu mövsüm daha inamlı təsir bağışlayır və təsnifat mərhələsinə gözləniləndən yaxşı başlayıb. “Dandalk”la cavab matçında təkqapı oynaması ağdamlıların necə arzulu, istəkli olmasının göstəricisi idi. Qurban Qurbanovun yetirmələri yenə Çempionlar Liqasının qrupuna düşmək istəyir, buna imkan da var.
Əslində, “Qarabağ”ın indiki durumu daha çox kapitan Rəşad Sadıqovun dediyi kimidi – komanda oyundan oyuna artırır. Ağdamlılar təsnifat mərhələlərində həmişə belə olub və APOEL-lə oyunlarda daha yaxşı futbol izləyəcəyimizə ümid etməliyik. Baxmayaraq ki, bu mövsüm ilk dəfə “Qarabağ” oynadığı cütün favoriti olmayacaq.
Hər nə qədər tərifləsək də, “Qarabağ”ın qüsurlarını qeyd etməliyik. Həm “Partizani”, həm də “Dandalk”la oyunlarda yaşlı futbolçulardan qurulan orta sahənin nisbətən ləng davrandığına şahid olduq. Rəqib pressinq etdiyi, tempi artırdığı zamanlarda bu, daha çox hiss olunur. Komandanın fiziki hazırlığı hələ də ən üst səviyyədə deyil. Bir çox oyunçunun tez-tez zədələnməsi həm də bununla bağlıdı.
Hücum xəttində ciddi problem var. Düzdü, “Qarabağ” qol problemini digər amlualıların sayəsində yoluna qoyur. Məsələn, dünən vurulan ikinci top arzulanan mənzərə idi: sağ cinah müdafiəçisinin ötürməsini sol cinah müdafiəçisi qola çevirdi. Lakin istənilən halda komandada qolçu forvarda ehtiyac duyulur. Mahir Əmrəli və ya Araz Abdullayevlə böyük hədəflərə çatmaq olmaz, hələ debüt etməyən Maqaye Qeyenin məhz həmin hücumçu olacağına ümid edirik.
Komandanın yeni transferlərinin ansambla uyğunlaşmaqda olması yaxşı xəbərdi. Aylton Silva, dünən dubl edən Xayme Romero bir az da artırsa, qruplardan birinə düşmək mümkün olacaq. Könül istərdi ki, bu, Çempionlar Liqasında olsun. APOEL-ı sıradan çıxarmaq mümkün olsa, pley-offda daha hazır, daha döyüşkən “Qarabağ” görəcəyik. İndiyə qədər cızılan qrafik məhz belə deməyə əsas verir.
Bütün dövrlərin ə yaxşı “Qarabağ”ı ÇL-də qrupa düşən və ondan bir mövsüm öncəki komanda idi. Tahir Gözəlin arezusu niyə də çin olmasın? Bəlkə bu mövsüm qrupu da adlayan kollektiv görəcəyik?
FƏRİD