AFFA-nın tələbi ilə bu ildən klublar badcələrini açıqlamaq məcburiyyətində qaldı. Və məlum oldu ki, klublar arasında ciddi uçurum var. Məsələn, çempion “Qarabağ” ən azbüdcəli olan “Sumqayıt”dan 10 dəfə artıq xərcləyir.
 
Təbii ki, daim iddialı olan klubla daimi autsayder arasında fərq olmalıdı. Ağdamlıların daim qitə kuboklarının qrup mərhələsində oynadığını nəzərə alsaq, bu, gözləniləndi. Böyük xərclər həm də böyük gəlirlər gətirir. Həm də klubların maliyyə qaynaqları fərqlidi, müxtəlif sponsorların fərqli maliyyə xərcləməsi normaldı.
 
İşi ədalətsiz görən, klubları bəzi şəxslərə görə ayıran, onlara fərqli münasibət göstərən SOCAR-dı. Ən pisi isə xərclənən maliyyənin hüsabatının soruşulmamasıdı. Bu gün “Səbail” dağılma həddindədisə, klubun maliyyəsi kəsilibsə, günahkar sponsorlardı.
 
Müxtəlif törəmə şirkətləri vasitəsilə olsa da, 4 klubu məhz SOCAR maliyyələşdirir. Çempionatın 8 iştirakçısının yarısını təşkil edən bu qrupa 21,8 milyon manat ayrılır. Hər halda, ötən ilin yekunlarını əks etdirən rəqəmlərdə belə yazılmışdı:
Neftçi – 11,205
Keşlə – 5,271
Səbail – 3,821
Sumqayıt – 1,527
 
Bu büdcənin yarısını götürən “Neftçi”yə fərqli münasibət anlaşılandı. Daim dövlət xəttiylə maliyyələşən, iddialı olan bakılılar avrokuboklarda oynayır, “Bakcell Arena”nın və təlim-məşq mərkəzinin saxlanmasına böyük pullar sərf edir, ümumiyyətlə, futbol adına daha ciddi fəaliyyət göstərir. Həmişə ölkənin bir nömrəli klubu sayıldığından, “ağ-qaralar” milli komanda səviyyəsində görülüb, fərqli tutulub. Burada kimin rəhbər olması önəmli deyil, klub daim diqqət mərkəzindədi.
 
Əsas problem digər 3 kluba fərqli münasibət göstərilməsidi. “İnter”dən “Keşlə”yə çevriləndən sonra faktiki yeni klub olan sabiq “bankirlər” digərləri ilə müqayisədə daha gəncdi. Və daha qocaman olan, hətta Sumqayıt böyda şəhəri təmsil edən komanda isə ögey bilinir. Büdcədəki üçqat fərqin başqa adı yoxdu. Əslində isə “kimyaçılar”a daha çox maliyyə ayrılmalı, ən azı 10,5 milyonluq büdcə bərabər bölünməlidi.
 
Avrokuboklara vəsiqə qazanan, orada layiqli oynayan “Səbail” bu gün maliyyə imtahanına çəkilir, sürpriz şəkildə ölkə kubokunun finalına yüksələn “Sumqayıt” baza və əlavə tribunalar tikmək məcburiyyətində qala-qala kiçik büdcəyə təhkim edilir, “Keşlə” isə sonuncu pilləni tutmasına, klubdaxili maxinasiyalar olması barədə xəbərlər dolaşmasına rəğmən, yenə yağ-bal içində saxlanır. Əcəba, niyə? Nəticələri ən pis olana hamıdan çox pul verilməsi şərtdisə, komandalar bundan sonra fərqli məqsədlər üçün oynasın. Çünki yeni mövsüm üçün də büdcələr ötənilki kimidi və qarşıdakı illərdə də dəyişməsi gözlənilmir.
 
Sumqayıt boyda şəhərə münasibət Riad Rəfiyevin cavan olmasına görədisə, bu, düzgün yanaşma deyil. Və ya “Səbail”in Avropa Liqasına vəsiqə qazanması “Keşlə”nin bədxərcliyinə görə gözardı edilirsə, deməli, sponsorlar başını həkimə göstərməlidi. “Keşlə” hansı səbəbə görə digərlərindən üstün sayılmalıdı? Maliyyə eyni mənbədən gəlirsə, nəyə görə bölüşdürülmədə ədalətsizlik olmalı, ayrıseçkilik edilməlidi? Hətta nəticələrə görə belə lazım bilinirsə, bu il avrokuboklara yüksələn “Səbail”in daha da böyüməsinə şərait yaratmaq, ayrı bir şəhəri təmsil etdiyindən, azsaylı bölgə klublarından sayılan “Sumqayıt” önə verilməlidi.
 
“Keşlə” bu imtiyazları Müşahidə Şurasının sədri Zaur Axundova görə qazanıb. Onun qara gözləri SOCAR-da kiminsə ağlını başından almayıb, sadəcə, təzyiq rıçaqları güclüdü, arxalıdı, adamı var. Nərimanov rayon icra hakimiyyətində məsul vəzifə tutarkən müxtəlif yerlərdə, o cümlədən Əliəşrəf Əlizadə küçəsində ağacları qırdıraraq özünə obyekt, yeməkxana açan bu şəxs indi də futbol təsərrüfatında “budama”yla, kimlərəsə qonaqlıq verməklə məşğuldu.
 
Və ondan qorxur, büdcəsini böyük saxlayırlar. Axundov da hər transfer dövründə 10 legioner gətizdirir, 6 aydan sonra onları qovur, pulları havaya sovurur. Büdcədən pul kompensasiya adıyla götürülür, həmin əcnəbilər isə kiçik məbləğə razılaşdırılıb geri göndərilir. Halbuki “Keşlə”də yoxa çıxarılan pulla bu gün “Səbail”in kəsilən büdcəsini tamamlamaq, “Sumqayıt” kimi klub saxlamaq olar.
 
Məhz belə klubdaxili oyunlara görə AFFA-dan kluba göndərilən Rəmiş Malıyev Axundov tərəfindən qovuldu. Maliyyə sirrlərini assosiasiyadakı rəhbərlərinə ötürən hüquqşünas milyonların qurbanına çevrildi. O, Axundovun bazarında nəzarətçi idi, varlığı sərf etmirdi. İndi isə Malıyev qovulub və “Keşlə” bazarında şıdırğı alver gedir. Hətta “Neftçi”nin həsəd aparacağı qiymətə əcnəbilər alınır, pul sağa-sola dağıdılır.
 
SOCAR bu səhvinə düzəliş etməlidi. “Səbail” kimi doğru inkişaf yolunu tutmaq istəyən klub, Sumqayıtın yarım milyonluq əsl futbol fanatları bir nəfərin acgözlüyünə, şəxsi maraqlarına qurban verilməməlidi. Qəribə mənzərədi: eyni atanın 3 övladı bu gün fərqli həyat yaşayır – “Sumqayıt” hətta yerli oyunçu götürməyə pul tapmır, “Səbail” pul çatışmazlığına görə legionerlərini bir-bir qovur, “Keşlə” isə hər gün 100-150 min dollara əcnəbi alır.
 
AĞA
Shares: