İlk turda reallaşan hakim səhvi təsadüf idimi? Bəlkə də hə. Amma nədənsə başqa söhbətlər daha aktualdı.
 
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hakimlərə cavabdeh olarkən sevimli komandalarına çox dəstək görmüşük. Musayevin dostu olan klublar onun mərhəmətinə sığınır, kömək görür, xoşlamadıqları kritik anlarda badalaq alırdı. O, hakimliyin futbolda kəsərli silah olmasından məharətlə yararlanırdı. Ramin bəyə qulaq asmayıb, hansısa klubla özü təmasa keçən hakimləri isə futboldan uzaqlaşdırılmaq təhlükəsi gözləyirdi. Reallaşan çoxlu belə fakt var.
 
Bu ildən Hakimlər Komitəsi AFFA-nın baş katibi Elxan Məmmədovun nəzarətinə keçib. İndi onun sözü fit sahibləri üçün qanundu. Tapşırıqlar da onun adamlarından gəlir. Və Məmmədovun tam ələ keçirdiyi “Səbail” ilk turdaca bunun bəhrəsini gördü.
 
Rəvan Həmzəzadə kiçik bir şans görən kimi “Zirə”nin qapısına penalti təyin etdi. Eyni epizod “Səbail”in cərimə meydançasında yaşansaydı, bunu etməzdi. Lakin Bayıl klubu Məmmədovun himayəsindədi – daha doğrusu, pul SOCAR-dan çıxır, xeyrini baş katib görür, dövlətin pulu ilə özünə klub saxlayır.
 
Məhz “Zirə”nin qurban seçilməsinin də səbəbləri var. Məmmədov “Qarabağ”la matçda bunu etdirəcək qədər cəsarətli deyil, lakin “qartallar”ın qanadlarını qırmaq olar. 4 milyon manatlıq büdcənin havaya sovrulduğunu sübut etmək üçün Elxan bəy hər fürsətdən yararlanacaq, “Zirə”nin uğursuz olmasına görə hər şey edəcək. Axı, söhbət Orxan Məmmədovun fəxri prezidenti, yiyəsi olduğu klubdan gedir…
 
Son vaxtlar Orxan bəyin adı AFFA baş katibliyinə, hətta prezidentliyinə əsas namizəd kimi çəkilir. Və bu məqamda onun rəhbərlik etdiyi klubun yaxşı nəticə qazanması birbaşa Elxan bəyə ziyandı. Baş katibin içində olduğu bütün sahələrdə fiaskolar sıralanarkən başqa bir idarəçinin müsbət işlər görməsi onun üçün qəbulolunan deyil. Və bu səbəbdən elə ilk turlardan “Zirə”nin baltalanması başlayıb.
 
Sabah başqa komandalarla, hətta “Zirə”yə yaxın sayılan “Qarabağ”la oyunlarda da “qartallar”a qarşı təzyiqlər olacaq. Bunu rəqibləri sifariş etməyəcək, Elxan Məmmədov öz məqsədləri üçün həmin komandaların işinə yarayan hoqqalar fikirləşəcək.
 
Baş katib düz edir. “Zirə” kimi yiyəsiz görünən kluba bu da azdı. Qəsəbə təmsilçisinin prezident postu boşdu, vitse-prezidentlərini tanımırıq, hətta akademiyasına rəhbər təyin edilməyib, Orxan Məmmədov isə mətbuatada axırıncı dəfə Zərdabinin “Əkinçi”si çap olunarkən görünüb. Elxan Məmmədov da onun danışmayacağını, hər zərbəni sinəyə çəkəcəyini bildiyindən üstünə gedir, gözdən salır, uğursuz damğası almasına zəmin yaradır.
 
Sus, Orxan bəy, sənin əvəzində mətbuat danışacaq. 5 ildi hörmət qoyub müsahibə belə vermədiyin, görməzdən gəldiyin mətbuat. Ay sən öləsən. “Səbail”lə oyundakı hoqqalar təkrarlandıqca daha biz də susacağıq. Sizin kimi… Nüfuzdan salınandan, gözdən salınandan sonra danışdıqlarınıza isə heç kim məhəl qoymayacaq.
 
CAVAD
Shares: