Azərbaycan Premyer Liqasının ilk turunda “Neftçi” “Sabah”ı qəbul edir.
Futbolinfo.az xəbər verir ki, turun son oyununa gələn "ağ-qaralar"ın azarkeşlərinin bir qismi “Neftçi” rəhbərliyini istefaya səsləməyə başlayıb.
“Neftçimaniya” fan klubu başda olmaqla bəzi azarkeş qrupları klub prezidenti Kamran Quliyevi, idman direktoru Ceyhun Sultanovu, baş məşqçi Roberto Bordini istefaya səsləyir. “Kamran, “Sumqayıt”a qayıt", "Ceyhun, istefa", “Yığın sumkanı, rədd olun, gedin” və "İstefa" şüarları hissə boyunca davam edib.
Doğrusu, bu, daha çox təşkil olumuş aksiyaya bənzəyir. Xüsusilə baş məşqçiyə yüklənən azarkeşlərin hesab 0:0 olarkən şüarlara başlaması, bunu ilk turda etməsi təsadüf ola bilməz. Klub neçə illik uğursuzluqlardan sonra özünə gəlməyə başlamışkən yenidən narazılıqların baş qaldırması xoş deyil. Matç zamanı dəstək olmaq bəlkə də ən yaxşısı olardı. Hansı ki, "Forza Neftçi" "istefa" şüarlarına dəstək verməməsi ilə diqqət çəkdi.
Qeyd edək ki, ilk hissə başa çatdıqdan sonra polis həmin azarkeşləri arenadan uzaqlaşdırdı.