“Neftçi” gündəm mövzusudu. Azarkeşlərin istefa şüarları ilə ara qarışıb, vəziyyətə müdaxilə etmək istəyənlər isə hələlik istənilən addımı atmır. Süni gərginliklə təbii narazılıq bir-birinə qarışıb.
 
Əslində, faciəvi durum deyil. Operativ, bir az da radikal addımlar atıb, vəziyyətə nəzarət etmək olar. İlk turdakı xal itkisiylə mövsüm əldən getməyib, Avropa Liqasındakı uğursuzluq isə qəza idi. Komanda miskin gündə olsaydı, “Arsenal”  kimi Rusiya klubu sıradan çıxarılmazdı. Ortada yolunda getməyən nələrsə var və onlar yoluna qoyulmalıdı.
 
Komandanın sabit çıxış etməməsinin, Tula və Petax-Tikvadakı iki matçda fərqli oyun izləməyimizin mütləq səbəbi var. Ya rəhbərlik komandaya yanaşmada hansısa səhvə yol verib, ya da məşqçilər ciddi səhvlər buraxıb. Əks halda, büdcəsinə həsəd apardığımız “Arsenal”ı iki dəfə yenib, sıradan rəqib olan “Bney Yehuda”ya yenilməyin başqa izahı yoxdu.
 
Dünən “Sabah”la matçdakı müşahidələrimiz futbolçularla bağlı da ciddi problemlərin olduğunu deməyə əsas verir. Kiril Petrovla Voislav Stankoviçin Dario Federikoyla münasibətləri xoş deyildi. Müdafiəçilər braziliyalını az qala döyəcək həddə çatmışdı, ona tez-tez irad bildirirdi. Müdafiəyə qayıtmayan, komandaya can yandırmayan yarımmüdafiəçidən hamı narazı idi və məşqçilər də onu ikinci hissənin əvvəlində oyundan almağı lazım bildi.
 
Stiven Monroz, Anton Krivotsyuk və başqa bir neçə oyunçu da kollektivdən qopmuş kimi görünürdü. Sanki komanda daxilində qruplaşmalar var. Meydanda dalaşmalar, bir-birinə kəskin irad bildirmələr başqa cür izah oluna bilməz. Bu oyunçular güclü rəqiblə fantastik oynayırsa, nisbətən zəiflərlə görüşdə ayağını sürüyürsə, deməli, komandanı vahid ailə kimi görmürlər. Onlara “Neftçi”nin uğuru yox, öz karyeraları vacibdi. Rusiya klublarının diqqətini çəkmək arzusuyla tulalılara göz açmağa imkan verməyənlər, digər oyunlarda özünü qoruyur, zədədən qaçmağa çalışır.
 
Bu məsələdə “Neftçi” rəhbərliyinin səhvi İsraildəki görüşdən sonra baş məşqçi Roberto Bordinin üstünə çox getmələridi. Halbuki o, elə “Arsenal”la oyunda da taktikanı müəyyən edən çəxs idi. Sadəcə, ifaçıların rəqiblərə fərq qoyması, tapşırıqlara həmişə ciddi yanaşmaması nəticədə əksini tapır. İtaliyalı məşqçinin dünən komandaya qol lazım olarkən Platellası gənc futbolçuyla əvəzləməsi bunun siqnalı idi. Motivasiyasız oyunçulardansa, döyüşkən gənclərə güvənmək bəlkə elə start heyətində özünü göstərməli idi.
 
“Neftçi”də gərginlik var. Belə məqamda xəstə, “soyuqlamış” orqanizmi sağaltmaq üçün mütləq qan almaq lazımdı. Radikal qərarlarla daşları yerinə oturtmaq, başqalarına görk olacaq addımlar atmaq gərəkir. Süni sabitliklə mövsümü uğurlu etmək olmayacaq. Mikrobları, xəstə ruhları təmizləmək lazımdı. Elə bu fəsadları ortaya çıxaran səbəbləri də…
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp