“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

“Futbolçuları təbrik edirəm. Hər matç bizim üçün vacibdi. Oyunçular nizam-intizamı saxladılar. Rəqibə və baş məşqçiləri Sənan Qurbanova uğurlar arzulayıram”.

47 yaşlı mütəxəssis futbolçuların çıxışı barədə danışıb: "Araz Abdullayev görüşdə həvəssiz deyildi. Maqaye Qeyenin yaxşı keyfiyyətlərini bu gün gördüm. Hazırda formasından uzaqdı.  Qarşıda daha da yaxşı Qeye görə bilərik".  

Təcrübəli məşqçi zədəli oyunçuların durumu barədə də açıqlama verib: “Bədavi Hüseynov fərdi məşqləri gücləndirib. Hələ ki, hazır deyil. O iki dəfə ardıcıl zədə aldı. Buna görə də diqqətli olmalıyıq. Yığmanın oyunlarına görə yaranacaq fasilədən sonra onu meydanda görə bilərik. Filib Ozobiç isə 2 ay olmayacaq. İndi Xorvatiyadadı. Bir neçə həkimlə məsləhətləşdik. Zədəsi ağırdı. Fikrimcə, əməliyyat olunmayacaq və bir aydan sonra fərdi məşqlərə başlaya bilər". 

Qurbanov yeni oyunçu axtarışında olduqlarını sözlərinə əlavə edib: "Biz transfer axtarışındayıq. Yarımmüdafiəyə oyunçu istəyirik. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansaq da, qazanmasaq da, orta xəttə oyunçu istəyirik".

Məşqçi gənc oyunçu İsmayıl İbrahimli haqqında da xoş fikirlər söyləyib: "Mənim onun barədə fikrim pozitivdi. Oyun üslubumuza tam uyğundu. Amma iki oyunda meydanda olmaq tam hazır olmaq demək deyil. Daha çox işləməlidi. İsmayılın futbol mentaliteti yaxşıdı. Bizim kollektivə uyğun futbolçudu".

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp