"Qarabağ"ın legioneri Maqaye Qeye Premyer Liqanın II turunda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Fransalı hücumçu ilk olaraq tam formaya düşməsi ilə bağlı danışıb.
 
– Bura gələndə təbii ki, tam formada deyildim. Artıq yavaş-yavaş əvvəlki formamı bərpa etməyə başlamışam. Əsas baş məşqçimin də mənə güvənməsi, şans verməsidi. Buna görə də məmnunam və çox xoşbəxtəm.
 
– “Linfild”lə matçın 90+3-cü dəqiqəsində penaltini “Panenka zərbəsi" ilə vurmağın təəccübləndirdi. Özünə bu qədər əmin idin? Sonradan peşman olmadın ki, birdən epizodu qaçıra da bilərdim?
– Heç bilmirəm ki, buna necə cavab verim. Özümə güvənirdim.
 
– Ümumiyyətlə, həmin qarşılaşma haqda nə düşünürsən? Rəqib standart vəziyyətlərdən iki qol vurdu. Cavab görüşündə buna qarşı planınız var?
– Səfər oyunları həmişə ağır olur. Çox qol vəziyyətləri olmadı. İki qolu standart vəziyyətlərdən vurdular. Ev matçında bununla bağlı ehtiyatlı olmalıyıq.
 
– Son dəqiqədə vurduğun qol “Qarabağ”ın şansını daha da artırdı?
– İki qol vurduğumuz üçün cavab oyununda imkanlarımız qalır. Komanda yoldaşlarıma inanıram.
 
– Zədəli və cəzalı futbolçular olmasaydı, “Linfild”i məğlub edə bilərdiniz?
– Səmimi deyim ki, bilmirəm necə olardı. Demək olar ki, komandada bütün futbolçular eynidir. Qarşıdakı oyuna köklənirik.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp