“Qarabağ”ın “Keşlə” üzərində qələbəsinə şübhə toxumu səpildi. Bakılıların baş məşqçisi Tərlan Əhmədovun dünən verdiyi açıqlamada məhz buna eyham hiss edilirdi.
 
Əhmədov “Sabah”la matçdan sonra ilk turda azlıqda qalmalarının doğru olmadığını bildirdi. Tərlan bəy bunu şəxsi qənaətinə görə yox, Hakimlər Komitəsinin sədri Frits Stuxlikin fikirlərini öyrəndikdən sonra dilə gətirdi.
 
“Qarabağ”la ilk turun oyununda Emin Mehtiyevə verilən qırmızı vərəqə doğru deyilmiş. Avstriyalı sədr avqustun 19-da “Keşlə”də keçirdiyi görüş zamanı bunu etiraf edib. O, Mehtiyevə göstərilən ikinci sarı vərəqənin doğru olmadığını bildirib. 71-ci dəqiqədə baş hakim Orxan Məmmədov simulyasiya edən Emini cəzalandırmış, 3 dəqiqə sonra isə meydanın mərkəzində topa əllə toxunuşunu bağışlamamışdı. Beləcə 66-cı dəqiqədə əvəzetmədən meydana çıxan futbolçu komandasını azlıqda qoymuş, “Qarabağ” da bundun yararlanıb cəmi 4 dəqiqə sonra qələbə qolunu vurmuşdu.
 
Əhmədovun dediklərini Stuxliklə dəqiqləşdirməyə çalışdıq. AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdullanın vasitəsi ilə sədrdən təsdiq cavabı aldıq: “Həqiqətən ilk turdan sonra “Keşlə” klubu üçün keçirdiyimiz sual-cavab bölməsində məndən bu barədə soruşdular. Orada hakimin qırmızı vərəqəyə çevrilən sarı vərəqə qərarının səhv olduğunu bildirdim. Yeni qaydalara görə, qol epizodunun qarşısı alınmırsa, vərəqə verilmir. Epizod meydanın mərkəzində baş vermişdi”.
 
Belədisə, deməli, haqsız verilən sarı vərəqə ləğv olunmalıdı. Eyni zamanda hakim cəzalanmalıdı: “Hər vərəqə səhvinə görə cəzalandırmaq düzgün deyil. Hakim qıraqda qalanda yox, oyun idarə etdikcə artırır, inkişaf edir. Ona görə də hakim cəzalanmayıb. Vərəqənin ləğvi ilə bağlı isə qayda var. Hətta yanlış göstərilibsə də, ləğv olunmur. Düzdü, təcrübədə olub, amma düzgün deyil”.
 
Stuxlik “Keşlə”nin düşərgəsində dediyi sözü mətbuat üçün də təsdiqlədi. Lakin bu etiraf bakılıların itirilən xalını geri qaytarmayacaq. Həmin epizod yaşanarkən hesab 0:0 idi və bəlkə də komanda azlıqda qalmasaydı, “Qarabağ” matçın taleyini həll edən qolu vura bilməyəcəkdi.
 
“Keşlə”yə qarşı oxşar səhv dünən də və maraqlıdı ki, yenə 74-cü dəqiqədə qeydə alındı. Sezar Meza Kolli “Sabah”la matç zamanı qırmızı vərəqə aldı. Lakin həmin epizodda bu futbolçuya qarşı kobudluq edilmişdi, sadəcə, paraqvaylı əsəblərinə hakim ola bilməyərək rəqib futbolçuya xəsarət yetirdi və ikinci sarı vərəqəni alaraq meydandan qovuldu. Epizod davam etdiyindən cərimə zərbəsi də “Keşlə”nin əleyhinə verildi. Halbuki daha öncə Sezara qarşı kobudluq edilmişdi və bunu edən “Sabah”ın futbolçusu Abbas Ağazadə də ikinci sarı vərəqəyə layiq idi.
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp