“Neftçi”nin baş məşqçisi Roberto Bordinin Premyer Liqanın 2-ci turunda “Zirə” ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Futbolinfo.az xəbər verir ki, Bordin 0:1 hesabıyla bitən görüşü belə şərh edib:

– Bu oyunu təhlil etmək lazımdı. Hər iki hissədə rəqibə bir hücum imkanı yaratdıq, onlardan biri də qola çevrildi. Qoldan əvvəl Baqali Dabonun, Platellasın imkanları var idi, ancaq yararlana bilmədik. Çalışdıq ki, dönüş edək. Bu oyuna nəzər yetirsək, bundan əvvəlki oyundan fərqli olaraq komandam daha istəkli, xarakterli idi. Çünki ilk dəqiqələrdən qələbə üçün gəldiklərini göstərdilər. Ola bilsin bəxtsizlik də oldu. Hücumları məntiqi sonluqla tamamlamaqla bağlı problemlərimiz var. Təhlükəli vəziyyətlər yaratsaq da, qola çevirə bilmirik. Bunun üzərində çalışmalıyıq. Çətin vəziyyətə düşmüşük, ancaq bundan çıxmalıyıq.

– Baqali Dabonun ötən tur olmaması səs-küyə səbəb oldu. Bunun bu gün onun əsas heyətdə olmasına təsiri var idimi?
– Dabo ilə arada baş verən hadisə daxildə qalır. Bunu mətbuata açıqlamıram. Mənim üzərimdə heyət baxımından təzyiq yoxdu. Bu gün Dabo da bütün komanda yoldaşları kimi gözəl oyun göstərdi. 3 təhlükəli vəziyyət yaratdı. Bir neçə müddət oynamadığını nəzərə alsaq, bu gün yaxşı oyun göstərdi.

– Sizin üçün komandanın oyunu əsasdı, yoxsa nəticə?
– Əlbəttə, nəticə. Çempion olmaq üçün vacib olan nəticədi. Oyunu analiz etməliyəm. Balans yaratmaq və vəziyyətlərə nəzarət etmək lazımdı.

– Oyundan sonra hakimə yaxınlaşdız. Referi ilə nə danışdız?
– Sadəcə, yaxınlaşıb, sağollaşdım. Artırılmış dəqiqələri müzakirə etdik.

– Komandadakı psixoloji gərginliyin uzanması, sizin komandadan gedişinizə zəmin yaratmır ki?
– Onu deyə bilərəm ki, Avroliqadakı məğlubiyyət və ilk turda xal itirməyimizə baxmayaraq, komanda istədiyin kimi oynadı. İndi bu barədə nəsə danışmaq istəmirəm. Gələn turlarda baxacağıq.

– Ömər Buludova nə üçün şans vermədiz? Avroliqada Ömər oynayırdı, Premyer Liqada Tural.
– Tək Tural deyildi. Başqa mövqelərdə də dəyişiklik etdim. Məşqlərə uyğun obyektiv dəyişiklik etməyə çalışıram. (komanda.az)

Shares: