“Bu gün qələbə qazanmaq istəyirdik. Bu, vəziyyətin normal olması üçün çox vacib idi. Bunun üçün çalışdıq, amma alınmadı". 

Futbolinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Namiq Ələsgərov Premyer Liqanın II turunda "Zirə"yə uduzduqları (0:1) matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

24 yaşlı yarımmüdafiəçi bildirib ki, məğlub olacaqlarını öncədən fikirləşməyiblər: "Ancaq qələbə qazanmağı düşünürdük. Pis oynamadıq, yaxşı mübarizə apardıq. Amma qol epizodlarından istifadə edə bilmədik və məğlub olduq".

Namiq klub daxilində baş verən söz-söhbətlər barədə danışmaq istəmədiyini vurğulayıb: "Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilsəydik, psixoloji olaraq daha yaxşı durumda ola bilərdik. Bu, kollektivə yaxşı təsir edərdi. Amma çempionata köklənməli və nəticələri yaxşılaşdırmalıyıq. Hazırda bizə bir qələbə lazımdır ki, bu vəziyyətdən çıxa bilək. Çempionluq üçün mübarizə aparırıq. Hədəfimiz budur. Hələ yarış təzə başlayıb. İndidən danışmaq tezdir. Hər şey öz əlimizdədir. Qarşıda çox matç var və durumu yaxşılaşdıra bilərik". (sport24.az)

Shares: