Azərbaycan Premyer Liqasının 2-ci turunun “Zirə” ilə oyunu “Neftçi”nin dörd futbolçusu üçün yubileylə əlamətdar olub.

Futbolinfo.az PFL-ə istinadən xəbər verir ki, Zirə İdman Kompleksinin stadionundakı görüşdə 4 oyunçu 6 yubiley qeyd edib. Rəhman Hacıyev “Neftçi”də ümumilikdə 150-ci matçını keçirib. O, Premyer Liqada 117, kubokda 21, avrokuboklarda 12 dəfə “ağ-qaralar”ın formasını geyinib.

Namiq Ələsgərov isə paytaxt təmsilçisində 75-ci oyununa çıxıb. Yarımmüdafiəçi çempionatda 63, kubokda 7, avrokuboklarda 5 dəfə şans qazanıb.

Emin Mahmudovla Anton Krivotsyuk Azərbaycan Premyer Liqasında 50-ci oyunlarını keçirib. Hər iki futbolçu çempionatda yalnız bir komandada çıxış edib. Beləliklə, onlar həm də “Neftçi”də 50-ci çempionat matçında iştirak ediblər.

Yubileylərlə zəngin olan matçda “Neftçi” 0:1 hesabı ilə uduzub.

Shares: