Belarus yığması ilə yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin üzvü Xətai Bağırov federasiyanın rəsmi saytına müsahibə verib.
Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:
– Hesabı açan millimiz sonda niyə məğlub oldu?
– Oyuna yaxşı başlamışdıq. Buna görə də hesabı açdıq. Ancaq səhvlərdən qaça bilmədik. Rəqib oyun ərzində hansısa fantastik çıxışla yadda qalmadı. Sadəcə, bizim səhvlərimiz çox oldu.Mövsümün əvvəlidi, hələ çempionat başlamayıb. Buna görə də heç birimiz tam formada deyilik.
– Bu qədər çox səhvə yol verməyiniz nədən qaynaqlanırdı?
– İki “dördlük”lə oynadıq. Bizim “dördlük”də bir dəyişiklik var, digər “dördlük”də isə Rizvanla Vitali bir-birini başa düşür. Digərləri ilə bir yerdə az oynadıqlarından anlaşılmazlıq var. Bunlar tədricən düzələcək. Bu, yay fasiləsindən sonra millinin heyətində ilk oyunumuz idi. Oynadıqca, problemlər aradan qalxacaq.
– Baş məşqçi fiziki hazırlığın zəif olduğunu qabartdı.
– Məşqçinin fikridi. O, kənardan daha yaxşı görür. Ancaq “dördlük”lərlə bağlı dediklərim də səhvlərdə az rol oynamadı.
– Oyuna tam konsantrasiya olmuşdunuzmu?
– Konsantrasiya pis deyildi. Yenə deyirəm, bunlar mövsümün əvvəlinə xas olan çatışmazlıqlardı. Çempionat başladıqdan sonra hər şey qaydasına düşəcək. Oyun zamanı 1-2 epizodda konsantrasiya pozuldu.
– Belarusla 2 gün sonra cavab oyunu var. Nəyi dəyişmək mümkün olacaq?
– Bu oyunun videosuna baxacağıq. Baş məşqçi problemləri deyəcək. Əlbəttə, ikinci oyuna bundan daha yaxşı hazırlaşacağıq.