“Vaxtımın çoxunu qaldığım evdə tək keçirirəm. Etiraf edim ki, bəzən dil problemi yaşayıram. Qaldığım yerdə ingilis dilində yalnız bir neçə adam danışa bilir. Vaxtımın çoxunu məşqdə və evimdə keçirirəm".

Futbolinfo.az saytının məlumatına görə, bunu "Sabah"ın yarımmüdafiəçisi Hendrik Eksteyn deyib. Paytaxt klubunun bu yay "Kayzer Çifs"dən transfer etdiyi 28 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Azərbaycanda gördüklərindən danışıb.

Eksteyn Azərbaycan çempionatının fərqliliklərindən də bəhs edib: "Azərbaycanda oyun tərzi Cənubi Afrikadan çox da fərqli deyil. Nəticədə futbol eynidi. Burdakı əsas üslub 1-2 toxunuşlu ötürmələrdi. Sürətli oynamağı və hücuma tez çıxmağı sevirlər. Burda mənim uzun müddət topu saxlamağımı istəmirlər. Top daim hərəkətdə olmalıdı. Hətta məşqdə 1-2 toxunuşla oynayırıq. Topu saxlamaq, onunla şou göstərmək istəmirlər. Azarkeşlər və futbolçular rəqibi bunlarla utandırmağı xoşlamırlar. Bu hərəkətləri etdiyin zaman hamı sənə gülüşlə baxacaq. İndiyə qədər öyrəndiklərim bunlardı".

Cənubi Afrika millisinin üzvü debüt oyununu I turda "Neftçi"yə qarşı keçirib. O, 1:1 hesabı ilə başa çatan və assistlə yadda qaldığı qarşılaşmanı öz üçün uğurlu başlanğıc hesab edir: "Uğurlu debüt etdiyim və komandama kömək edə bildiyim üçün sevinirəm. Buna görə komandama minnətdaram. Təbii ki, qələbə qazanmağı istəyərdim. Ancaq yenə də hər şeydən məmnunam". (matc.az)

Shares: