"Qarabağ"ın konqolu legioneri Con Delarj futbolinfo.az saytına müsahibə verib. Ağdam klubuna böyük məbləğ qarşılığında transfer olunan, lakin məşqçilərin əsas heyətə layiq bilmədiyi hücumçu qışda anlaşmasının başa çatmasını gözləyir. Birinci divizion üçün fantastik sayıla biləcək məbləğ – aylıq 40 min avro maaş alır və durumundan məmnundu. Əsas komandaya qaytarılmaması da onu narahat etmir.
– Əvəzedici komandada işin necə gedir?
– Hər şey yaxşıdır. İkinci komandada oynayıram. Özümü yaxşı hiss edirəm. Birinci divizionun əsas liqadan heç bir fərqi yoxdur. Maraqlı çempionatdır.
– Lakin “Qarabağ”a transferiniz səs-küylü alınmışdı. “Bursaspor”, “Osmanlıspor” kimi komandalarda oynamısınız. İndi sizin kimi futbolçunun ikinci komandada oynamasını nə qədər haqlı sayırsız?
– Mənim üçün bura pis deyil. Məşq edirəm, oyunlara çıxıram. Yaxşı matçlar olur. Əsas çempionatdan, dediyim kimi, fərqlənmir.
– Artıq getmək istəmirsiz?
– Bunun üçün təklif olmalıdır. Heç bir təklifim yoxdur. Buna görə də Azərbaycandayam. Bakı xoşuma gəlir, burda qalmışam.
– Maaşınız yəqin ki, əsas komandanın bəzi futbolçularından belə yüksəkdir. Bəlkə buna görə Azərbaycandasınız?
– Yox, sadəcə, heç bir təklif yoxdur. Əgər yaxşı bir komandadan təklif alsam, gedərəm.
– Türkiyədə oynamısınız. Nə əcəb oradan maraq yoxdur?
– Fikrimcə, ordakı missiyam bitib. Yaxşı komandalarda çıxış etmişəm. İndi isə istəyən yoxdur. Olsa, kim istəyər ki, burda qalsın. Mən də güclü komandalarda çıxış etmək fikrindəyəm.
– Sizi Azərbaycana gəlmiş tanınmış futbolçular siyahısına əlavə etmək olar…
– Tanınmış futbolçu başqalarıdı. Məni burda heç kim tanımır. Birinci divizionda çıxış edirəm, Azərbaycanı gəzirəm.
– Harda gəzirsiz?
– Komandamızla Zaqatalaya, Ağsuya, Gəncəyə, Şamaxıya gedirik. Gözəl yerlərdir. Buna görə də narahat deyiləm. Özümü əla hiss edirəm. Çox rahatam.
– “Qarabağ”ın oyunlarını izləyirsən?
– Yox, Azərbaycan Premyer Liqasına baxmıram. Niyə baxım ki? Azərbaycanda futbol çox keyfiyyətsizdir. Hansı komandaların oyununa baxım? “Zirə”nin, “Keşlə”nin? Heç bir marağı yoxdur. Burada keçirilən matçlar sizi çəkir? Diqqətinizə səbəb olur? Yox, təbii ki. Türkiyə çempionatına baxıram. Məsələn, “Başakşəhər” – “Fənərbaxça” oyunu möhtəşəm matç idi.
– “Qarabağ”ın “Linfild”lə oyununu izlədin?
– Yox. Azərbaycanda deyildim. Oyunu izləmədim. “Qarabağ” uduzdu?
– Uduzdu. Səfər oyunundan məğlub qayıtdı…
– Hə, onu bilmirdim. Növbəti oyunu evdə keçirəcək. Ümid edirəm ki, qələbə qazanacaq.
FƏRİD