“Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Xayme Romero Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Şimali İrlandiyanın “Linfild” klubuna qarşı keçirdikləri cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Oyunda hesabı açan legioner öncə bunları söyləyib:
– Doğrudan da çətin oldu. Rəqib qapansa, çətin oyun alınır. Müdafiəni yarmaq asan olmur. Bəxtimiz gətirdi ki, erkən qol vurduq. Bu da bizə kömək etdi.
– Erkən qoldan sonra nə üçün qolların ardı gəlmədi?
– 1:0 hesabı ilə qalib gəlməyimiz demək olar ki, onlar üçün heç nəyi dəyişmirdi. Düşünürdülər ki vurduqları bir qol vəziyyəti xeyirlərinə dəyişəcək. Eyni vəziyyətdə oynamağa davam edirdilər. Qapanmışdılar və əks-hücuma bel bağlamışdılar.
– “Qarabağ”da istədiyin məqsədinə çatdın? Yoxsa hədəfin Çempionlar Liqasının qrupu idi?
– “Qarabağ”a gələndə avrokuboklarda oynamaq istəyirdim. Əvvəlcə ÇL-də inamla irəlilədik. Davam edə bilərdik. Bu gün Çempionlar Liqasında olmamağımızı bəxtsizliklə əlaqələndirərdim. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Buna layiq idik.
– Qrup mərhələsində “Sevilya” və “Xetafe”də mübarizə aparacaq. Ölkənin komandaları ilə eyni qrupda mübarizə aparmaq istərdin?
– İspaniya klublarına qarşı oynamaq maraqlı olardı. Qrup mərhələsindəyik, buna layiq idik. Çox maraqlı keçəcək.
– Çempionatda 200-300 azarkeş olur, ancaq avrokubok matçlarında 15-30 min azarkeş önündə oynayırsan. Sənə qəribə gəlmir?
– Bir az təəccüblü gəlir. Əsas odur ki, Avropada keçirdiyimiz oyunlarda bizə dəstək olurlar. Çalışacağıq ki, ümidlərini doğruldaq.