Avropa Liqasının qrup mərhələsinə yüksələn "Qarabağ"ın futbolçusu Maksim Medvedev müsahibə verib. Sağ cinah müdafiəçisi oyunu şərh edib:
– İlk oyundakı məğlubiyyətə baxmayaraq, komandada əhval-ruhiyyə yaxşı idi. Çünki inanırdıq ki, evdə yaxşı oyun göstərib, bu komandanı uda biləcəyik. Hamımızda bu inam var idi. Matça çox rahat hazırlaşırdıq. Gücümüzə inanırdıq. Artıq "Linfild"i də yaxşı tanıyırdıq. Gözlədiyimiz kimi oynadılar və buna hazır idik. Sona qədər nizam-intizamı qoruyub-saxlamağa çalışdıq ki, üstünlüyümüzü əldən verməyək. Sevinirik ki, 2:1 hesablı qələbə qazandıq və qrupa düşdük.
– Düşünümürsən ki, 2-ci qolu gec vurduz? Halbuki, daha tez vuraraq daha rahat oynaya bilərdiz…
– İlk qolu 6-cı dəqiqədə, ikinci qolu isə sona yaxın vurduq. Futboldur, belə olur, yaxşı imkanlarımız vardı. Sadəcə, istifadə edə bilmədik. Qismət belə imiş.
– Hesab 1:0 olarkən komandada gərginlik var idi?
– Əlbəttə. Çünki rəqibin vuracağı bir qol hər şeyi korlaya bilərdi. Ona görə həm müdafiədə, həm də hücumda yaxşı oynamağa çalışırdıq. Amma 2-ci qol bir az gec gəldi. Bu səbəbdən 90 dəqiqə əziyyək çəkdik.
– Yəqin ki, qol buraxdıqdan sonra hər şey daha da gərginləşdi…
– Əlbəttə. Çünki rəqibin 2-ci qolu vurması üçün vaxt var idi. Buraxdığımız qol da göstərdi ki, sonlara doğru hardasa rahatlaşmıdıq. Bu gün heç bir rəqiblə rahat oynamaq olmur.
– Ardıcıl 6-cı dəfə avrokuboklarda qruplara qaldınız. Bu dəfə məqsəd nə olacaq? Səncə, yeni hədəflər üçün komanda güclənməlidirmi?
– İnanaq ki, qrupumuza çətin komandalar düşməyəcək. Rəqiblərimizi tanıyandan sonra necə oynamalı olduğumuzu biləcəyik. Yeni futbolçularla bağlı baş məşqçi özü iş aparır. Nə alınırsa, edirlər.
– "Mançester Yunayted"lə eyni qrupa düşmək istərdiz?
– Bəlkə də bütün azarkeşlər "Mançester Yunayted"lə eyni qrupa düşməyimizi istəyir ki, Bakıda onları izləsinlər. Belə bir şey baş versə, əlbəttə ki, bizim üçün ağır olacaq. Qismət nədirsə, o da olacaq.