Avrokubok mövsümü yenə ən azı qışa kimi bizim üçün də davam edəcək. Yenə “Qarabağ”la…
Ardıcıl 6 il belə buna nail olmaq sıradan olay deyil. Deməli, ortada əməli iş, strategiya, doğru planlama, zəhmət, alın təri var. Və Qurban Qurbanov yetirmələrini qruplara daşımağa davam edirsə, bu, yorulmamasının, uğurdan doymamasının göstəricisidi.
Mövsüm bir az qəribə keçdi. “Qarabağ” APOEL-i səfərdə udacaq qədər yaxşı, zəiflərlə matçlarda bəzən arzulanmayan nəticə göstərəcək qədər pis göründü. Çempionlar Liqasının pley-offu qapıya gəlmişkən əldən çıxdı, böyük şans qaçırıldı. Amma ağdamlılar özləri üçün müəyyənləşdirdiyi minimum nəticəyə nail oldu. “Qarabağ” beşi Avropa Liqasında olmaqla, ardıcıl 6-cı dəfə qruplara qaldı.
“Linfild”lə dünənki matç əsəb döyüşü idi. Hesab erkən açıldı, amma səfərdə 2:3 uduzduğumuzdan, hər an rəqib fərqlənə bilər və çətinə düşərdik. Bu qorxu son dəqiqələrə kimi sürdü, ikinci qoldan sonra nisbətən rahatladıq. Bir də son saniyələri həyəcanla keçirdik. Şimali İrlandiya kluba oyuna əlavə olunan dəqiqələrdə təsəlli topunu vuranda hamı saniyələri sayır, matçın bitməsini gözləyirdi.
Qurbanov bu matçda bəzi dəyişikliklər etmişdi və faydasını gördü. Xayme Romero hücumun arxasında daha inamlıydı, hesabı da açdı. Ümumiyyətlə, komandamız 90 dəqiqə ərzində konsentrasiyanı əldən vermədi, diqqətli oynadı. Çoxlu qol epizodları yaradıldı, qonaqlara şans verilmədi. Rəşad Sadıqovun təcrübəsi və ustalığıyla Rahil Məmmədovun döyüşkənliyi sayəsində müdafiə bloklandı; Miçellə Almeyda oyunu əla idarə etdi; cinahlar bir an dayanmadı, fərqli kombinasiyalarla “Linfild”in öz qapısına sıxılmasına nail oldu; hücumdakı Maqaye Qeye isə yavaş-yavaş formaya düşdüyünün siqnallarını verdi, onun ilk qoldakı ötürməsi yalnız ustalara xas hərəkət idi.
Qurban bəyin taktika və oyunçu seçimi əla idi, bizi rahatladan ikinci qolun assistenti Qara Qarayev də oyuna yaxşı qoşuldu. Məhz onun matçda ilk dəfə rəqib müdafiəsinin arxasına zərgər ötürməsi əla alındı. Qurbanovun səhv deyə biləcyimiz yeganə yanlışı son dəqiqələrdə oldu. 2 futbolçunun eyni zamanda əvəzlənməməsi daha yaxşı olardı. Dani Kintana və Araz Abdullayev meydana növbəylə girsəydi, həm vaxt udar, həm də oyunun tempini öldürüb, rəqibin özünə gəlməsinin qarşısını alardıq. Dani və Araz oyuna alışana kimi bir anlıq konsentrasiya əldən verildi və rəqib qol vurdu. Təbii ki, bu, kiçik, amma mühüm detaldı.
“Qarabağ”ın bu yay etdiyi transferlərin hamısının uğurlu olduğunu vurğulamalıyıq. Hamı heyətə uyğunlaşmaqdadı və komandanın ümumi oyun sisteminə töhfə verirlər. Transfer pəncərəsi bağlanmamış qapıçı və bir orta sahə oyunçusu almaq istəyən ağdamlıların eyni diqqətliliyi göstərəcəyinə ümid edirik.
“Qarabağ”ın bu uğuru təkcə klub tərəfdarlarını sevindirmədi. Qrupa vəsiqə Ağdam klubunun kölgəsində gün keçirənlərin də işinə yaradı. 11-12 ili boşa verən, futbola ayrılan böyük büdcələri talayan bu insanların fəaliyyətsizliyi ölkə çempionunun sayəsində yaddan çıxır. “Qarabağ” Azərbaycanda futbolun mövcud olduğunu göstərən yeganə səbəbdi. Milli komandalarımızın məğlubiyyətləri sıraladığı bugünlərdə məhz ağdamlılar azarkeşləri sevindirir. Bir anlıq “Qarabağ”ın da sıradan çıxdığını düşünün – böyük boşluq içində olacağıq.
Xarabalıq içində bitmiş tək gülü qorumaq çətindi, üfunət əvvəl-axır onu da məhv edəcək. Ətrafı təmizləmək, yeni çiçəklər əkmək zamanı çoxdan gəlib. Digər klublar, milli komandalar “Qarabağ”ı ən azı yamsılamağa çalışmalıdı. Gecikirik…
FƏRİD