Baş məşqçi Aftandil Hacıyev “Səbail”dən yenə gedənlərin olacağını deyərkən haqlı imiş. Bayıl təmsilçisi hələ də legionerlərini itirməkdə davam edir.
Bir müddət öncə yayda heyətə qatılan Bilal Həmdi və Dilan Duventru ilə vidalaşan "Səbail", avrokubok matçları öncəsi heyətinə qatdığı daha bir əcnəbini yola salıb. Makedoniyalı qolkiper Daniel Bojinovski ilə anlaşma qarşılıqlı razılıq əsasında pozulub. Transfer pəncərəsi bağlanana kimi getməyi lazım bilən əlcək sahibi özünə klub axtarır.
Əslində, Bojinovskinin gedişi ciddi itki sayılmamalıdı. Onu yüksək səviyyəli qapıçı saya bilmərik, məcburiyyətdən heyətə qatılmış biri idi. Aleksandr Rıbkanın zədələnməsi üzündən təcili müqavilə bağlanan Daniel Kamal Bayramovun da əsas heyətə layiq olduğu komandada artıq yük idi.
30 yaşlı qolkiper "Səbail"ə mövsümün əvvəlində ölkəsinin "Rabotniçki" klubundan keçmişdi. Onun yenə bu kluba yayıdışı gözlənilir.