“Neftçi” Donald Geryenin transferini yekunlaşdırmaq üzrədi. Haitili ilə anlaşmanın tezliklə rəsmən açıqlanması gözlənilir.
 
Bu yay “Qarabağ”dan ayrılan cinah müdafiəçisi daha güclü kluba keçmək niyyətində idi. O, ağdamlılardan maaşının yarım milyon dollaradək artırılmasını istəyirdi. Lakin baş məşqçi Qurban Qurbanov bu pulun Gerye üçün çox olduğuna qərar verdi və Aylton Silvanın transferi reallaşdı.
 
Çoxsaylı təklifləri olduğunu deyən və “Qarabağ”ı məbləği qaldırmaq üçün şantaj edən Geryenin planı baş tutmadı. Heç “Neftçi” də onun “başqa variantlarım var” açıqlamalarına aldanmadı. Bakılılar müdafiəçiyə büdcənin imkan verdiyi qədər məbləğ təklif edib və xeyli düşünən haitili sonda razılaşıb.
 
Mətbuatda Geryenin “Neftçi”də 350 min dollar alacağı barədə xəbərlər doğrudu, lakin o, bunu 2 ilə alacaq. İllik 170 min dollarlıq anlaşma razılaşdırılıb, onun 1, yoxsa 2 ili əhatə edəcəyi hələ dəqiqləşməyib. Yaxın saatlarda rəsmi imza atılarkən bütün detallar bəlli olacaq.
 
İndi əsas sual Geryenin “Qarabağ”dan sonra “Neftçi”də də faydalı olub-olmayacağıdı. Əvvəla, futbolçu hazırlıq dönəmini boşa verib, bundan başqa, “Neftçi”də müdafiənin sol cinahında limit oyunçusu Anton Krivotsyuk oynayır. Ya rotasiya edilməli, Krivotsyuk mərkəzə çəkilməli, ya Gerye yarımmüdafiədə oynadılmalı, ya da digər limit oyunçusu Ömər Buludov əsas heyətə qaytarılmalıdı. Bu qərarı baş məşqçi Roberto Bordin verəcək.
 
O da maraqlıdı ki, 4-cü turda “Neftçi” Gerye ilə vidalaşan “Qarabağ”la görüşməlidi.
Shares: