“Neftçi” pleymeyker axtarışını davam etdirir. Bakılılar yarımmüdafiə xəttini gücləndirmək məqsədi ilə bir çox oyunçunu diqqət mərkəzində saxlayır.
Amma artıq transfer dönəmi bitir və əməli addımlar atmaq lazımdı. Bakılılar həm də əcnəbi limitini nəzərə alaraq yerli oyunçu almağa cəhd edir. Hazırda belə futbolçu azdı və “Neftçi” milliləşdirilmiş Aleksey İsayevin məsələsini həll etməyə çalışır.
Müqavilə ilə “Sumqayıt”a məxsus olan, amma klubdan ayrılacağı dəqiqləşən Aleksey Rusiyada klub axtarsa da, planı baş tutmayıb. Heç kim ona görə sumqayıtlılara kompensasiya ödəməyi lazım bilməyib. Hazırlıq prosesinə qoşulmayan İsayev bu üzdən “göyərçinlər”in baş məşqçisi Ayxan Abbasova da lazım deyil, uzağı, əvəzedici komandaya göndəriləcək.
Çətin vəziyyətdə qalan İsayev xeyli öncə ona təklif göndərən “Neftçi” ilə danışıqları bərpa edib. Bu dəfə futbolçu özü paytaxt klubu ilə təmasa keçib. Onun istədiyi məbləğ çox olduğundan bakılılar hələ iyunda müzakirələri dayandırmışdı. İndi isə Aleksey klubun təklif etdiyi məbləği azca artırmaq arzusuyla son cəhdini edib. Danışıqlar gedir və qərarın necə olacağını zaman göstərəcək. Çünki transferin reallaşması üçün “Sumqayıt”I da razı salmaq lazımdı.