Əliyar Ağayevin Misir kubokunun yarımfinalına təyinat alması sevindirdi. Əla xəbərdi və bu, təkcə AFFA-nın xidməti deyil, ölkə hakimlik məktəbinin ənənələrinə hörmətin təzahürüdü. Azərbaycan onillərdi hakimlikdə iz qoymuş ölkələrdəndi və həmişə futbolumuzun ümumi səviyyəsinin üstündə olub.
Lakin bu təyinatda xoşagəlməyən nüanslar da var. Əvvəla, Ağayevin “Qəbələ” – “Keşlə” oyunundan geri çağırılması, tələsik Rəhim Həsənovun ora göndərilməsi Azərbaycan çempionatına hörmətsizlikdi. Belə bir dəvət var idisə, Əliyar ümumiyyətlə, təyinat almamalıydı, çağırış gec gəlibsə, həmin Rəhimə və ya digər FIFA referisi Rauf Cabbarova güvənilə bilərdi.
Düzdü, Əliyar səviyyə etibarı ilə daha öndədi, ilk iki turda səhv etməyən 2 baş hakimdən biridi. Lakin bu da əsas vermir ki, onu oyun günü dəyişib, Afrikaya göndərsinlər. Daha tədbirli davranmaq olardı.
Təsəvvür edin, bu gün Qəbələdə Həsənov biabırçı idarəçiliklə yadda qala bilər, o zaman bunun hesabatını kim verəcək? Çünki hakimlər də oyunlara hazırlaşır, rəqib komandaları analiz edir, onların simulyant futbolçularını, ofsaydlarda, cərimə zərbələri zamanı davranışını və s. özü üçün müəyyənləşdirir, matçda buna görə davranır. Rəhim isə qəfil təyinat alır və komandaları analiz etmədən Qəbələyə göndərilir. Ona görə bu gün onun edəcəyi səhvlərə bəhanəsi olacaq.
Bir də xarici çempionat oyunlarına təyinatlar xahişlə, tapşırıqla, sifarişçinin istəyi ilə olmamalıdı. Dəvətlər Ağayevin “monopoliya”sına aiddimi? Sən özünün ən yaxşı hakimini xaricə göndərirsən, o zaman sənin yırtıqlarına kim yamaq olacaq? Premyer Liqada biabırçı səhvlər sıralanır, AFFA isə ən səviyyəli referimizi Misirə yola salır.
Əliyar Yunanıstanda da matç idarə edib. Bəlkə hakim mübadiləsinin vaxtıdı? Yaxşı olar ki, əməkdaşlıq etdiyimiz federasiyalardan da bəzi hakimlər deyək ki, “Neftçi” – “Qarabağ” duellərinə dəvət alsın. O zaman həm ədalət təmin olunar, səhvlər azalar, həm də beynəlxalq əlaqələrin möhkəmlənməsi istiqamətində addım atılar.
Ümumiyyətlə, Hakimlər Komitəsinin bəzi prinsiplərinə düzəliş etməsi lazımdı. Sədr Frits Stuxlik səhv edən hakimlərin cəzalandırılmamasını prioritet seçib. Səbəb məntiqlidi – o, hakimlərin praktikasız qalmamasını, oyunlara çıxa-çıxa inkişaf etməsini istəyir. Lakin bura Avstriya və ya hansısa başqa Avropa ölkəsi deyil. Komitədə Elçin Məmmədov kimi maklerlər var. O, seminarlarda hakimlərə başqa təbliğat aparır, sonra da fərqli iş görür. Deyək ki, hansısa hakimi konkret tapşırıqla oyunlara göndərir, kiməsə kömək göstərilməsini təmin edir, digərinin əməyini yerə vurur. Və həmin hakim cəzalanmayacağını bildiyindən istənilən şirnikləndirici təklifə razılaşır.
Bu, fürsətdən istifadə etməkdi və hakimliyin bataqlığa yolunu rəvanlaşdırır. Cəzasızlıq mühitində belə mənfi meyllərin ortaya çıxması təbiidi. Stuxlik vəziyyəti düzgün analiz etməlidi.
FƏRİD