“Qarabağ” yenə diqqət mərkəzindədi. Ağdam klubu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra indi də transferləri ilə hamını maraqlandırır.
Bu barədə suallara klub direktoru Əmrah Çəlikəlin cavab verməsini istədik. Türkiyəli idarəçi futbolinfo.az-a qısa açıqlama verdi.
– İbrahim Şehiçin transferi ilə bağlı son durum necədi? Onun “Qarabağ”a dönüşü reallaşırmı?
– Hələ qaytarmamışıq, amma transfer etmək istədiyimiz futbolçulardan biridi. Hazırda rəsmi bir şey olmadığından nəsə deyə bilmərəm. O, hələ ki, “Ərzurumspor”un futbolçusudu.
– Avropa Liqasının qrup oyunları ərəfəsində daha hansı futbolçuları transfer etmək istəyirsiz?
– Rəsmi bir şey yoxdu. Nə isə deməyim doğru olmayacaq. Transfer məsələləri birbaşa baş məşqçi Qurban Qurbanovun səlahiyyətində və nəzarətindədi.
– Fransa “Genqam”ının sizdən Abdullah Zubiri, eləcə də Mahir Mədətovu istəməsi haqda xəbərlər yayılmışdı. Transfer pəncərəsi bağlanır, hansısa yenilik varmı?
– Rəsmi müraciət yoxdu. Onlar “Qarabağ”ın futbolçularıdı, hansısa dəyişiklik olmayıb.
– Qrup mərhələsini püşkü ilə bağlı açıqlamanızı oxudum. Hədəfi böyütmək zamanı gəldiyini bildirmisiz. Buna aydınlıq gətirərdiz: qrupdan çıxmağı nəzərdə tutursuz?
– Həmişə hədəfləri böyüdürük, bir il öncəylə müqayisədə daha irəli getməyi düşünürük. Yenə əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Bu il də belə olacaq.
– Rəqiblər ürəyinizcə oldumu?
– Qismət beləymiş. Görək necə olacaq?
– Con Delarjla bağlı məsələni aydınladardız. Ona müqaviləni qarşılıqlı razılıqla pozmaq üçün nə qədər kompensasiya ödəndi?
– Klubdaxili məsələdi. Yalnız yollarımızı qarşılıqlı razılıqla ayırdığımızı deyə bilərəm.
– Delarj transferindən klub nə qədər ziyana düşdü?
– Açıqlama verməyim doğru olmaz, daxili məsələmizdi. Mən yalnız ona gələcək karyerasında uğur arzulaya bilərəm.
– Ötən mövsüm bitdikdən sonra klubunuzun vitse-prezidenti Tahir Gözəl çempionluq kubokunun Ağdama aparılacağını vəd etmişdi. Sıx qrafik üzündən bu, indiyədək baş tutmayıb. Ağdam camaatına verilən vəd nə vaxt yerinə yetiriləcək?
– Kuboku Ağdama aparmağı istəyirik, bu barədə fikirləşirik. Amma hazırda əsas hədəfimiz “Qarabağ”ın adını yüksəltməkdi, bütün çalışmalarımız bu yöndədi. İnşallah qısa zaman ərzində, uyğun vaxt tapıb bunu da həyata keçirərik.
CAVAD