Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün ilk baş məşqçi istefası reallaşıb.

Futbolinfo.az xəbər verir ki, bu, "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov olub.

39 yaşlı mütəxəssis 3-cü turun açılış matçında "Keşlə"yə evdə 0:4 hesablı məğlubiyyətdən sonra postundan getdiyini oyunsonrası mətbuat konfransında açıqlayıb: 

“Oyun haqda danışmayacam. Çünki belə bir məqamdır. Səhv etmirəmsə, 2011-ci ildən “Qəbələ”dəyəm. Bu klubda həm sevinmişəm, gülmüşəm, həm acı günlərimiz olub. Burda təcrübəli məşqçilərlə işləmişəm. “Qəbələ” mənim üçün çox doğmadır. Başda Tale Heydərova, Fariz Nəcəfov olmaqla klub rəhbərliyinə, bütün əməyi keçən hər kəsə təşəkkür edirəm. Həqiqətən də rəhbərlik, hər bir kəs mənə uzun müddət çox doğma oldu. Avrokuboklara düşdük, qrup mərhələsinə yüksəldik, ötən mövsüm ilk titulu qazanmaq mənə nəsib oldu. Çox xoşbəxtəm. Bu günü çıxıram. Qəbələdə çox gözəl günlər yaşamışam. Klub prezidenti Fariz Nəcəfova təşəkkür edirəm. Artıq bir son olmalı idi. Çalışdım ki, nəyisə düzəldim. Amma alınmır. Hamıya klub rəhbərliyinə, əməkdaşlarına, azarkeşlərinə təşəkkür edirəm. “Qəbələ” mənə çox şey öyrətdi. Böyük məşqçilərlə işləmək mənə material verdi. Çalışdım ki, bunları həyata keçirim. Futbolçularla vidalaşmışam. Futbolçulara uğurlar arzulayıram. Bütün bunlar mənim üçün bir məktəb, bir təcrübə idi. Bütün bunları analiz etməyə vaxtım olacaq. Bu matç göstərdi ki, yenilənmək lazımdır. Məşqlərdə hər şeyin üstündə çalışırıq. Amma alınmırsa, komandaya yeni nəfəs lazımdır. Mənə elə gəlir ki, artıq getmək vaxtıdır. Futbolçular ruhdan düşməsinlər. Hər şeyi öz üzərimə götürürəm. Yeni gələcək baş məşqçiyə uğurlar arzulayıram. O, “Qəbələ” üçün çox işlər görməlidir”.

"Qəbələ" yeni mövsümə çox uğursuz başlayaraq Avropa Liqasını da nəzərə alsaq, 5 oyunun hamısında uduzub, hətta qol da vura bilməyib.

Xatırladaq ki, Qurbanov ötən ilin iyununda "Qəbələ"nin baş məşqçi postunda, bunadək köməkçisi olduğu ukraynalı mütəxəssis Roman Qriqorçuku əvəzləmişdi. Komamda tarixində ilk titulu – ölkə Kubokunu ötən mövsüm məhz onun rəhbərliyi altında qazanıb. (sport24.az)

Shares: