Azərbaycan Premyer Liqasının 3-cü turunun açılış oyununda “Qəbələ” üzərində səfərdə 4:0 qələbəyə sevinən “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
– Bura qələbə üçün gəlsək də, gözləmirdim ki, belə qalib gələcəyik. İlk 25 dəqiqədə komandam oyununu tapa bilmirdi. Bunun da səbəbi “Qəbələ” idi. Rəqib çalışırdı ardıcıl 2 məğlubiyyətdən sonra qalib gəlsin. Biz də çalışdıq ki, rəqibi qapımıza tərəf çəkib, boşluqlar tapaq. Futbolçuları məhsuldar qələbəyə görə təbrik edirəm. Bu, işimizin başlanğıcıdı. Eyforiyaya qapılmamalıyıq. Fasilədən səmərəli istifadə etməliyik. Cəzalımız da, zədəlilərimiz də var, onlar da bərpa olacaq.
– Bu matçı məşq kimi dəyərləndirmək olar?
– Bu, rəsmi oyun idi. Futbolçular zəhmət çəkdi. Ağır oyun idi. Hesaba baxmayaraq, gəlin rəqibi aşağılamayaq. Özüm də belə bir aqibəti yaşamışam. O vaxt AZAL mənə sahib çıxdı. Ardıcıl 5 tur məğlub olmuşduq. Hesab edirəm ki, Sənana bütün klub rəhbərliyi sahib çıxmalıdı.
– Komandanız ilk 15 dəqiqədə passiv idi. “Sabah”la da eyni ssenarini gördük. Səbəb nədədi?
– Hər iki halda səfər qarşılaşması olub. Bir qədər ehtiyatlı başlayırıq. Bu, uğur gətirirsə, niyə də belə davam etməyək? (sport24.az)