Azərbaycan Premyer Liqasında III turun “Zirə” – “Sabah” (1:1) matçından sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, çalışdırıcı əvvəlcə görüş barədə fikirlərini bildirib:
– Gözləmədiyimiz qol buraxdıq. İkinci hissədə daha yaxşı oyun göstərdik. Ən azı 1 xal qazandıq. Bunu da bilmirik ki, 1 xal qazandıq, yoxsa 2 xal itirdik. Uşaqlar möhtəşəm xarakter göstərdi. Bizi xarakter çatışmazlığına görə qınayırdılar. Yavaş-yavaş yaxşıya doğru gedirik. Azarkeşlərimiz də bizi dəstəklədilər. Bu dəstəyin nəticəsində hesabı bərabərləşdirdik.
– 2 xal itirdiyinizi düşünürsünüz?
– Çempionatın sonunda oturub ilboyu olan nəticələri düşünəndə ya məyus olacağıq, ya da şükür edəcəyik. İkinci hissədə pis oynamadıq. Qol epizodlarımız oldu, penaltini qaçırdıq. Uşaqların əzmkarlığı məni sevindirdi.
– Olmazmı ki, ikinci hissədəki heyəti start heyətində buraxardınız?
– Limit məsələsi əl-qolumuzu bağlayıb. Bir gün əvvəl Xulio Rodriges zədələndi. Oyundan bir neçə saat əvvəl protokolu verməlisən. Risklərin olmaması üçün onu meydana əvvəldən buraxmadıq. Özü də dedi ki, start heyətində çıxıb, 10 dəqiqə sonra yenidən zədələnib, komandanı pis durumda qoymaq istəmirəm. Qənaətbəxş oynamasını düşündüyümüz anda onu meydana buraxdıq.
– Komandaya yeni qoşulan oyunçular var. Onların uyğunlaşma dönəmi necə gedir?
– Yavaş-yavaş uyğunlaşırlar. Məsələn, Ampuero “Neftçi” ilə oyundan bir həftə əvvəl komandaya qoşulmuşdu.
– Oyun ərzində etirazlarınız nəyə idi?
– Oyunun vaxtının uzadılmasına. Hakimlərə deyirdim ki, oyunçuları tanımalısınız, kimin oyunu uzadacağını bilməlisiniz. Rəqibin qapıçısı da oyunu uzatmağa çalışırdı.