“Sabah”ın qələbə qazanması üçün hər cür şərait var idi. Hesab qol epizodu yaratmadan açıldı, penalti dəf edildi. Qalırdı oyuna nəzarət etmək və 3 xalı rəsmiləşdirmək.
 
“Zirə” – “Sabah” oyunu heyəti kifayət qədər yenilənən, güclənən və avrokuboklara vəsiqəyə iddia edən 2 komandanın dueli idi. Meydanda amansız mübarizə, taktiki savaş gözləyirdik. İlk dəqiqələrdə bunun işartıları var idi. Lakin qonaqların öndə pressinq etmək taktikasının icrası üçün gücü yetərli olmadı, artıq ilk yarım saatın tamamında vəziyyət bərabərləşmişdi.
 
Qonaqlar hesabı qapıya təhlükəli görünməyən zərbə zamanı topun müdafiəçiyə dəyib istiqamətini dəyişməsi, qapıçını yanıltmasından sonra açdı. “Sabah” üstün görünsə də, məntiqli hücumlar yox idi. “Zirə” “Neftçi”ylə son matçda da zəif oynamış, rəqibinin bağışlanmaz səhvləri üzündən qələbə görmüşdü. Elə dünən də ilk yarıda xaotik futbol oynayan komanda izləyirdik.
 
Fasilədə Samir Abasov risk etdi, ikili əvəzetməyə əl atdı. Niyyət məğlubiyyətdən qaçmaq üçün hücum gücünü artırmaq idi. Xulio Sezar Rodriges meydanda olduğu 3-cü dəqiqədə necə faydalı oyunçu olduğunu isbatladı. Məhz onun ötürməsindən sonra Təmkin Xəlilzadə topu əllə saxlamağa məcbur oldu. Amma Cavid Hüseynovun penaltidən zərbəsi o qədər inamsız idi ki, Saşa Stamenkoviç topu dəf etmədi, hətta tutdu.
 
Kuryoz qolu da nəzərə alsaq, bu, “Sabah”ın ikinc dəfə bəxtinin gətirməsi idi. Qonaqlarsa minnətdarlıq etməyi unudub, eyni səhvləri təkrarladı. Qapıya sıxılmaq, hesabı qorumağa çalışmaq səhv qərar idi, əksinə, hücuma diqqəti artırmaq, rəqibin ayılmasına imkan verməmək lazım idi. Qonaqlar belə düşünmədi, təşəbbüsü əldən verib “Zirə”nin meydanda daha yaxşı görünməsinə şərait yaratdılar. Nəticədə son dəqiqələrdə uzaq məsafədən zərbə qolla sonuclandı və hər iki komanda bir xala razı oldu.
 
Doğrusu, komandaların heç biri qələbəyə layiq deyildi. Həm “Zirə”, həm də “Sabah” çempionatda yaranan fasilə vaxtı toparlanmasa, xal itkiləri sıralanacaq və xaos başlayacaq. Hər iki klub transferlərə ciddi məbləğlər xərcləyib,rəhbərlik tezliklə hesabat istəyəcək. Mümkün 9 xaldan “qartallar” 5-ni, “Sabah” 7-ni itirib. Belə start mövsümün sonunda acı tarix kimi xatırlanacaq.
 
İstəməyəndə hətta futbol tanrısı yardımçı olsa da, qələbə qazanmaq olmur. Dünən “Sabah” 3 xaldan özü imtina etdi. Səbəblərini klub rəhbərliyi tapmalı, təcili tədbir görməlidi. Reallıqla böyük iddialar tərs mütənasibdi.
 
FƏRİD
Shares: