"İkinci hissədə üstünlüyü ələ aldıq, bu da başa düşüləndir. Çünki hesabda geri idik. Ümumilikdə 3 xalı götürməyə layiq olduğumuzu düşünürəm" – bunu "Zirə"nin futbolçusu Soni Norde Premyer Liqanın III turunda "Sabah" ilə evdə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra deyib.
 
Matçın 88-ci dəqiqəsində bərabərlik qolunu vuran 30 yaşlı hücumçunun sözlərinə görə, zədəsi olduğu üçün "11-lik"dən çıxarılan mərkəz hücumçusu Xulio Sezar Rodrigesin fasilədən sona meydana girməsi ilə vəziyyət dəyişib: "İlk hissədə topla davranışda bir az tələskənlik vardı. Ona görə də müəyyən vəziyyətlərdə asanlıqla top itirirdik. Bu gün "9 nömrə" kimi oynamağım da təsir ediridi. Ancaq ikinci hissədə hər şey fərqli oldu. Xulio sırf ideal "9 nömrə" kimi meydana girdi və o, birinci topları götürməyə başladı. Mən isə özümə zona tapa bilirdim. İlk hissədə mən mərkəzdə çıxış edirdim. Amma Xulio meydana daxil olandan sonra "B" planına keçdik. Bu isə özümə lazım olan topları qəbul etməyimə təsirini göstərdi".
 
Haitili forvard bildirib ki, fasilədən sonra mərkəz müdafiəçilərindən birinin nisbətən irəli çıxması da oyunlarına müsbət təsir edib: "Üçlü müdafiə ilə oynayanda sənin topa yiyələnmən daha çox olmalıdır. Birinci hissədə müdafiəçilərdən biri nisbətən önə çıxmırdı. İkinci hissədə bunun tam əksini gördük. Onlardan biri ortaya çıxandan sonra topu özümüzdə rahat saxlaya bilirdik".
Shares: