Uels millisinin müdafiəçisi Ben Devis bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan danışıb. Futbolinfo.az-a müsahibə verən “Tottenhem”in futbolçusu asan matç keçməyəcəyini bildirib.
 
O, həmçinin 2015/2016-cı illərdə Avropa Liqasında “Qarabağ”a qarşı keçirdikləri oyunu xatırlayıb.
 
– Azərbaycanla oyuna hazırsız?
– Düşünürəm ki, bizi ağır oyun gözləyir. Azərbaycanla matç Uels millisi üçün həlledici qarşılaşmadır. Çünki bu matçda qalib gəlməklə AÇ-2020 şanslarımızı artıracağıq. Final mərhələsi ümidlərimizi saxlamaq üçün meydandan mütləq 3 xalla ayrılmalıyıq.
 
– Hər kəs düşünür ki, Uels yığması bu matçda asanlıqla qalib gələcək…
– Fikrimcə, bu, həqiqətə uyğun deyil. Seçmə mərhələnin əvvəlində Xorvatiyaya qarşı oyunlarına baxdıq. Çox çətin qarşılaşma idi. Hətta bir xal qazana da bilərdilər. Azərbaycan yığmasının üstün cəhəti əks-hücumlardır. Ona görə də ehtiyatlı olmalıyıq.
 
– Yığmamızın qrupdakı digər oyunlarınızı izləmisiniz. Azərbaycan ilk matçda xorvatlarla mübariz oyundan sonra digər qarşılaşmalarda aşağı səviyyədə çıxış edib…
– Bəli, mən digər oyunlarına baxmışam. Slovakiyaya böyük hesabla məğlub olduqlarını bilirəm. Amma Xorvatiya kimi güclü komandaya qarşı yaxşı oyun da asan deyildi. Bizə qarşı da onlardan xorvatlarla matçdakı əzmkarlığın eynisini gözləyirik. Öz oyunumuzu da ona uyğun quracağıq. Keçirdikləri matçların hamısında qol vurublar. Bu da təhlükəli oynadıqları anlamına gəlir.
 
– Millimizin hansısa futbolçusunu tanıyırsız?
– Təəssüf ki, yox.
 
– Qrupda birinci pilləni tutmaq şanslarınız var?
– Bizim çətin qrupumuz var, lakin hələ bu barədə danışmaq üçün tezdir. Hələ ki, əsas rəqiblərin bir-biri ilə qarşılaşmaları qalıb, onlar heç-heçələr etsələr, bizim üçün şans yarana bilər. Noyabr ayına qədər hər şeyin yüksək səviyyədə olacağına ümid edirəm.
 
– Bir neçə il qabaq “Tottenhem”in heyətində “Qarabağ”a qarşı oynamısan. Həmin matçı xatırlayırsan?
– Bakıdakı matçı xatırlayıram. Çox çətin oldu. Harri Keyn qol vurana qədər əziyyət çəkdik. Onlar bizə çətin anlar yaşatmışdılar.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp