Premyer Liqanın yeganə legionersiz komandasıdı “Sumqayıt”. Amma ən beynəlmiləl, ən çoxmillətli olan da “kimyaçılar”dı. Kolbaya hər cür məhlul qatılıb, kimyəvi reaksiya aparılır. Kimi gəldi milliləşdirirlər, hər millətdən futbolçu oynadırlar və hamısını azərbaycanlı kimi sırıyırlar.
 
Bu mövsüm “Sumqayıt” forması geyənlər: Əmir Ağayev (İsrail), Mehdi Cənnətov (Dağıstan), Mehdi Şərifi (İran), Murad Xaçayev (Rusiya), Peyman Babayi (İran). Klubun menecer-prezidenti Riad Rəfiyev əlində DNT analizi ilə də gəlsə, mənə nəyisə sübut edə bilməz. Bu futbolçular Azərbaycanda yetişməyib, deməli, legionerdilər. Bəli, hansınınsa ölkəmizlə müəyyən bağlılığı ola bilər, o zaman faydalı olduqlarını milli komandalarımıza çağırılmaqla göstərsinlər.
 
İndi də Belarusun BATE klubundan gələn Camaldin Xocaniyazovla bağlı söhbətlər gedir. “Sumqayıt”la anlaşan türkmənə milli pasport verirlər. Niyə? Ad-soyadının da Azərbaycana dəxli olmayan birinə nəyə görə bu qədər asanlıqla milli pasport verilməlidi? Hələ oynasın, özünü sübut etsin, milli məşqçilərinin diqqətini çəksin, ondan sonra milliləşdirilməsinə baxılar. İndiki halda nəzir-niyaza ehtiyac yoxdu.
 
Həm də bu futbolçunun perspektivi olsaydı, BATE onu heç yerə buraxmazdı. Rusiyanın U-21 millisinin üzvü olub, bəs, niyə davamı gəlməyib? Həqiqətən yaxşı olan biri 23 yaşına kimi 8 klub dəyişərmi? Məqsəd pul qazanmaq, milliləşdirmə oyunları ilə öz ciblərini doldurmaq, AFFA-nın büdcəsindən istedadlı soydaşlarımızı tapmaq adıyla qonorar qoparmaqdısa, o başqa məsələ. Amma Xocaniyazovdan bizə futbolçu olmaz.
 
Ümumiyyətlə, Riad Rəfiyevin hazırda “Sumqayıt”da oynatdığı əcnəbilərin heç biri mili komandalar üçün düşünülməyib. Əmir Ağayev, Mehdi Cənnətov və Mehdi Şərifi artıq 27 yaşındadı, onların özünü sübut etməsi üçün zamanları qalmayıb, Peyman Babayi 25 yaşındadı, onun kimisi də çoxdu. Yalnız 21 yaşlı Murad Xaçayevə ümid etmək olar, ona da ümid etmək…
 
Belə bədbin olmağımızın səbəbi var. Milli komandaya namizəd olması üçün ötən il milliləşdirilənlər indi hardadı? Yığma komandada oynamaqdan son anda boyun qaçıran Aleksey İsayevə yiyə duran yoxdu, millimizin forması Rəfiyevin sifarişi ilə geydirilən Əli Babayev it-bata düşmüşdü, indi vətəni İsraildə 2-ci liqa komandasına keçib. 29 yaşında milliləşdirilən Atilla Yıldırımın hətta “Sumqayıt”a yararsız olduğu qısa müddətdə aydınlaşdı. 16 oyuna 3 qol vurmaq hücumçu üçün utancverici göstəricidi. Bu səbəbdəndi ki, Sumqayıtdan gedəni hələ də ona yiyə durmurlar.
 
Aşağıda indiyədək “Sumqayıt”da oynamış milliləşənlərin siyahısını təqdim edirik. Onların əksəriyyəti “Gənclik şəhəri”ndə pasport alıb, çox az qismi hansısa millimizə çağırılıb. Ruslan Qurbanov və Bədavi Hüseynovdan başqa böyük yığma karyerası olan da yoxdu.
 
Andrey Popoviç              
Bədavi Hüseynov
Timur İsrafilov
Abdulla Abatsiyev
Ruslan Qurbanov
Uğur Pamuk
Murad Ağayev
Aleksandr Qross
Şamil Camaləddinov
Məhəmməd Mirzəbəyov
Murat Doymuş
Pərdis Fərcad-Azad
Taner Taktak
Mirzağa Hüseynpur
Qvanzav Maqomedov
Can Akgün
Murad Hüseynov
Erdal Çelik
Məhəmməd Atam
Adil İbrahimov
Aleksandr Çertoqanov
Arif Daşdəmirov
Məhəmməd Qurbanov
Şahruddin Məhəmmədəliyev
Kiyan Soltanpur
Tagim Novruzov
Afşin Esmaeilzadeh
Sergey Çernışev             
Fərhad Qistarov
Nasir Abilayev
İbrahim Abednezhad
Sertan Taşkın
Ramil Hasanov
 
Ötən mövsüm oynayıb gedənləri və indi heyətdə olanları da nəzərə alsaq, “Sumqayıt”a rəhbərlik edənlər Azərbaycan futboluna 1-2 nəfər qazandırmaqla, azərbaycanlı balalarının yerini tutan 41 nəfərlə pul bölüb. İndi də Xocaniyazov gəlir…
 
1567497814 51d4cb5e e95f 4c3a a5f8 35b66f28bc6c - Futbolinfo.az
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp