Milli komandamız növbəti məğlubiyyətini Uelsdə aldı. Futbolçularımızın əzmkarlığı ilk xalı qazanmağa yetməsə də, kuryoz qollar həlledici oldu. Hər iki qolda aşkar səhvi olan qapıçı Səlahət Ağayevsə bəhanə axtarır.
 
– 1 xala yenə yaxın idik. Ancaq bu dəfə də sonluq çatmadı. Problem nə oldu?
– Yox. Belə deyərdim ki, oyuna yaxşı başlamışdıq. Ancaq heç nədən 2 qol buraxdıq. 1 xala çox yaxın idik. Futbolçular buna nail olmaq üçün əlindən gələni etdilər, sonadək mübarizə apardılar.
 
– Xalla dönməyə rəqibin səviyyəsi imkan vermədi?
– Belə komandaya qarşı çox yaxşı mübarizə apardıq. Bəlkə bəxtimiz gətirmədi ki, 1 xalı qazanaq.
 
– Sonadək inamımız vardımı ki, burdan xalla gedəcəyik? Yoxsa rəqibin ardıcıl hücumları bir az inamsızlıq yaratmışdı?
– Yox. Oyundan əvvəl də demişdim ki, buradan yaxşı nəticəylə qayıdacağımıza inamım var. Son anda bəxtimiz gətirmədi.
 
– İlk qolda top Pavel Paşayevin başına dəyərək tora qovuşdu. Ona qışqırmışdın ki, irəli çıxıram?
– Bəli. O, məni eşitmədi. Top mənə tərəf gəlirdi. Pavel heç topu görmədi, başına dəydi, avtoqol oldu.
 
– Bəs, buraxdığın 2-ci qol haqda nə düşünürsən? Bəlkə çıxmasan, daha yaxşı olardı?
– Çıxmasan deyəndə ki, top qapıya çox yaxın idi. Çıxmasam da, yenə təhlükə vardı. Buna görə də komandaya kömək etmək üçün irəli çıxdım. Orda da bəlkə qayda pozuntusu vardı.
 
– Rəqibdən hər hansı toxunuş hiss etdimi?
– Təkrara da baxdım, toxunuş vardı. Ancaq belə oyunlarda məncə, cərimə zərbəsi vermirlər.
 
– Artıq sentyabrın 9-da Xorvatiya ilə oynayırıq. Komanda necə konsentrasiya olunacaq? Yorğunluq olacaqmı? Evdə Xorvatiyadan ən azı xal ala bilərikmi?
– İnşallah, mümkünsüz heç nə yoxdu. Yenə yaxşı oynaya, bu dəfə xal qazana bilərik.
 
– Niyə millimiz stabil oynaya bilmir?
– Bu, futboldu, belə şeylər olur. Bəlkə də Macarıstana məğlubiyyətdən sonra toparlana bilmədik, nəticədə Slovakiyaya daha böyük fərqlə uduzduq.
 
– Bəs, indi necə, toparlana biləcəksinizmi?
– İnşallah. Yaxşı oynadıq, sonadək mübarizə apardıq. Belə oynasaq, Xorvatiyadan xal ala bilərik.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp