Milli komandanın 2 oyunu arasında nə tənqid lazımdı, nə tərif. Doğrusu, təriflik bir şey də yoxdu. Yalnız milli komandamızın üzvlərinin əzmkarlığını qeyd edə bilərik ki, o da 1-2 rəqib futbolçunun ustalığı qarşısında faydasız oldu. 2 gün sonra Bakıda usta xorvatların sayı daha çox olacaq.
 
Hamının darmadağın gözlədiyi səfər matçında minimal hesabla uduzmağı da qəhrəmanlıq saymayaq. Xorvatiyada da eyni futbolu göstərmiş, ardınca evdə macarlardan və slovaklardan futbol dərsi almışdıq. Belə oyunlar aldadıcı olur. Əvvəlki seçmə mərhələlərdə hansısa rəqibi yenib, ona ciddi problem yaradırdıqsa, indi uzağı əsəbləriylə oynayırıq. Bu amil özü də futbolumuzun uçurumda olmasının göstəricisidi.
 
Dünənki Uels qrupda niyə çətin anlar yaşadığını oyunuyla göstərdi. Rayan Giqqzin yetirmələri qrupda millimizdən sonrakı ən zəif komandadı. Hətta bu yığmaya uduzmuşuqsa, sevinməyə, xorvatlardan Bakıda xal alacağımıza ümid etməyə dəyməz. Yaxşı oyuna, əzmkarlığa xal vermirlər və millimiz 4 oyundan sonra 0 xalla sonuncu pillədədi.
 
Kasad heyətdən normal start “11-liy”i quran Nikola Yurçeviçi qınamaq olmur. Düzdü, bəzi oyunçularla bağlı mübahisə etmək olar, lakin seçim baş məşqçinindi, kimin hansı durumda olduğunu o bilir. Həm də demək olar, eyni səviyyəli 10-15 futbolçumuz var.
 
Yalnız Səlahət Ağayevlə bağlı danışmağa dəyər. Səhvləri üzündən məğlubiyyətdə əsas rol oynayan qolkiperi Qazaxıstanda əla mövsüm keçirən Emil Balayevin kölgəsinə atmaq vaxtıdı. Ölkə çempionatında qapazvuran kimi tanınan Səlahət ilk qolda Pavel Paşayevin avtoqoluna şərait yaratdı, ikincidə topa düzgün çıxmayıb, rəqibin qələbəsinə səbəbkar oldu. Xüsusilə ilk qolda onun niyə qapını tərk etdiyi məlum deyil. Hətta Pavelə səslənməsi də yanlışdı, top rəqibin olmadığı zonaya gedirdi və ciddi təhlükə yox idi. Paşayevə nə olduğunu isə psixoloqlar müəyyən etməlidi. Belə kuryoz qollar az olur. Pavelin topa yox,tribunalara baxması həqiqətən gülməli idi.
 
Millimizin normal hesabla uduzmasının əsas səbəbi rəqibin zəif oyunu idi. Uelslilər istədiyi anda təzyiqi artırıb lazımi qolları vurdu. Bütün matç boyu belə oynamamaları isə oyuna konsentrasiya ola bilməmələrindən idi. 0 xallı rəqiblə evdə oynayırsansa, futbolçuya motivasiya vermək çətin olur. Bizim məşqçilər bunu bilməz, çünki eyni situasiyada olmayıblar.
 
Kəsəsi, milli komanda yaxşı yox, rəqibin imkan verdiyi qədər oynadı. Milli məşqçilərinin menecer Riad Rəfiyevin tapşırığı ilə “bəyənmədiyi”, indi məcburiyyətdən heyətə qoyduğu Bəhlul Mustafazadə başda olmaqla, bir neçə futbolçunun fədakar oyunu ilə ancaq darmadağından qaçmaq olar. Mahir Emrelinin qolu, Ramil Şeydayevin ideal ötürməsi – bütün bunlar fərdi bacarıqlardı, komanda oyununun elementləri deyil.
 
Doğrusu, komanda oyununu daha çox U-21-in ifasında gördüm. Milan Obradoviç sələfi Rəşad Sadıqovun başladığı işi davam etdirir və onun seçdiyi futbolçuları yaxşı komandaya çevirə bilib. Baxmayaraq ki, hər iki qolu ofsayddan vurduq, qələbə haqqımız deyildi, yenə də ilk xallar üçün sevinməyə dəyər.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp