Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Rail Məlikov futbolinfo.az saytının suallarını cavablandırıb. Hazırda “Sumqayıt”ın şərəfini qoruyan təcrübəli futbolçu millimizin AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Uelsə qarşı keçirdiyi oyunu dəyərləndirib, Xorvatiya ilə görüşdən gözləntilərini açıqlayıb:

– Millimizin Uelsə qarşı matçını necə dəyərləndirirsən?  
– Birinci 10 dəqiqəya baxdıqdan sonra düşündüm ki, bərabər mübarizə gedəcək. Hətta bizimkilər qarşılaşmaya daha yaxşı başlamışdı. Sevindirici haldı ki, komanda səfərdə inamlı oynadı. Həmin oyuna baxanda dedim ki, Xorvatiya ilə keçirdiyimiz matçın oxşarıdı. Səfərdə daha yaxşı çıxış etdik. Təəssüf ki, məğlub olduq. Millinin oyununu belə çətin səfərdə yaxşı dəyərləndirirəm.

– 2008-cu ildə siz də Uelsə qarşı oynayıb 0:1 hesabı ilə uduzmuşduz. Həmin matçı necə xatırlayırsan?
– Sual yerinə düşdü. Bu matçı izləyəndə həmin oyunu xatırladım. Həmin vaxt da yaxşı mübarizə aparmışdıq. Kamran Ağayev penaltini dəf etmişdi. Həmin oyunda inanırdıq ki, 1 xal qazanacağıq. Hətta səfərdə qələbə də qazana bilərdik. Həmin oyundan yaxşı xatirələr qalıb.

– 0:1 uduzduğumuz oyunla 1:2 məğlub olduğumuz qarşılaşma arasında nə kimi fərqlər vardı?
– Müqayisə etmək istəməzdim. Hər millinin öz dönəmi var. Belə götürsək, rəqibin heyətində həmin vaxtdan ancaq Qaret Beyl qalıb. Onda cavan idi və daha yaxşı formada idi. Aradan 10 il keçib və müqayisə düzgün olmaz. Pis-yaxşı hər iki komanda ölkəmiz adına çıxış edib.

– O  vaxt Qaret Beylə qarşı yaxşı oyununla diqqət çəkmişdin. Səncə, bu dəfə komandamızın müdafiəçiləri Beyli yetərincə zərərsizləşdirə bildimi?
– Beylin gənc vaxtları idi və “Tottnehme”dən “Real”a getməyə hazırlaşırdı. Çox gündəmdə idi. Lakin həmin vaxt Beyl yarımmüdafiənin sol cinahında çıxış edirdi və elə gətirdi ki, mən ona qarşı oynamalı idim. Bacardığım qədər mübarizə apardım. Son oyunda isə Beyl demək olar ki, yarımmüdafiənin bütün mövqelərində oynadı. Demək olar ki, oyunboyu dövrə vururdu. Fikrimcə, futbolçularımız onu bağlaya bilirdi. Qol epizodunu çıxsaq, Beyl meydanda heç nə ilə yadda qalmadı. Amma qolunu vurdu. Müdafiəçilərimiz əzmkarlıq göstərdi. Onu yetərincə zərərsizləşdirdilər ki, bu da bacarıqlarını göstərməyinə imkan vermədi.

– Bu gün baş tutacaq Xorvatiya ilə matçdan nə gözləyirsən? Səncə, komandamız xal qazana bilərmi?
– Bu oyunda milli komandamızdan bütün azarkeşlər kimi, mən də xal gözləyirəm. Əsas odu ki, səfər oyunundakı kimi mübarizə aparsınlar. Ruhdan düşməsinlər, özlərinə inansınlar. İnamla çıxış etsələr, istənilən nəticə mümkündü.

– Xorvatiyadan xal almaq üçün bizə nə lazımdı?
– Fikrimcə, özümüzə güvənmək lazımdı. Bütün futbolçular inamlı oynasalar, hər bir komandadan xal almaq olar.

– Bu qrupda komandamız daha yuxarı pillələrə qalxa bilərmi?
– Qrupdakı yuxarı pillələrə qalxmaq olar. Amma bunun üçün qarşıdakı oyunlarda ən azı 1-2 qələbə lazımdı. Hər şey futbolçulardan asılıdı. Yaxşı və əzmkar çıxış vəziyyətimizi düzəldə bilər. Ümid edirəm ki, xallar qazanacağıq.

– Hər kəs milliyə dəvət etməyə futbolçu sayının az olduğunu düşünür. Bununla razısan, yoxsa düşünürsən ki, günah məşqçidədi?
– Bu suala mən cavab verə bilmərəm. Millinin baş məşqçisi var və onun da öz strategiyası var. Çempionatda kim özünü yaxşı tərəfdən göstərir, mübarizə aparır o da komandaya dəvət alır.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp