Azərbaycan yığmasının sabiq futbolçusu, “Səbail”in kapitanı Rahid Əmirquliyev futbolinfo.az saytına müsahibə verib.  Təcrübəli yarımmüdafiəçi millimizin Uelsə qarşı oyunundan danışıb. O, komandamızın bu gün Xorvatiyadan xal alacağına da inandığını dilə gətirib.
 
– Uelslə oyunda komandamızın çıxışını bəyəndinmi?
– Fikrimcə, milli komanda Uelsə yaxşı müqavimət göstərdi. Komandamızın əzmkar çıxışını vurğulamaq lazımdır. Qol da vurduq rəqibin qapısına. Təəssüf ki, heç nədən iki qol buraxdıq və uduzduq. Əsas odur ki, komandamız rahat uduzmadı. Mübarizə əzmi var idi, xal da qazana bilərdik. Amma bəxtimiz gətirmədi. 
– Səncə, rəqib zəif çıxış etdi, yoxsa millimiz yaxşı oynadı? Çünki Uels yığması bu tskildə onsuz da inamlı təsir bağışlamır…
– Uelsin seçmə mərhələsindəki oyunlarına baxmamışam. Bəlkə də rəqib zəif oynadı, amma bunun səbəbkarı bizim komandadır. Oynamağa imkan vermədik. Öz istədikləri kimi çıxış etmədilər. Daha çox top saxlaya, təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkdilər. 
– Ümumiyyətlə, komandamızın ardıcıl məğlubiyyətlərinin səbəbini nədə görürsən? Rəqiblərin çox güclü olmasında, yoxsa millimiz çox pis durumdadır? 
– Millimiz çox çətin qrupa düşüb. Rəqiblər güclüdürlər. Belə qrupda nəsə etmək, xal qazanmaq belə həddən artıq çətindir. 
– Bu gün komandamız Xorvatiyaya qarşı oyun keçirəcək. Səncə, komandamız uğurlu çıxış edə bilərmi?
– Milliyə uğurlar arzu edirəm. Xorvatiya qrupun favoritidir. Bizi çətin qarşılaşma gözləyir. Bu oyunda 1 xal qazana bilsələr, böyük uğur saymaq olar. Matçın açıq-aşkar favoriti xorvatlardır. Amma hər şey ola bilər. Futboldur, istənilən nəticəni gözləmək mümkündür. 
– Rəqib son oyunda 4:0 hesablı qələbə qazanıb. Slovakiya üzərində böyükhesablı qalibiyyət əldə ediblər. Hər kəs düşünür ki, Azərbaycan üzərində də böyükhesablı qalibiyyət əldə edəcəklər…
– Onlar qrupun ən yaxşı komandalardan birinə 4:0 hesabı ilə qalib gəliblər. Matçda da çox yaxşı çıxış etdilər. Bilmək olmaz ki, Bakıda da o cür oynayacaqlar, ya yox. İnanmaq istəyirəm ki, komandamız daha yaxşı çıxış edəcək. Ən azı heç-heçə əldə edəcəyik. 
– 2016-cı ildə Xorvatiyaya qarşı sən də oynamısan və komandamız 0:0 hesablı nəticə əldə etmişdi. Bunu təkrarlamaq mümkündürmü?
– Həmin oyun çox çətin keçmişdi, amma yaxşı çıxış etmişdik. Futbolda belə hallar olur, favoritlər də bəzən belə çətinliklə üzləşir. Bugün də çox çətin olacaq. Ümid isə həmişə var ki, komandamız xal qazanar. 
– Necə düşünürsən həmin Xrovatiya güclü idi, yoxsa indiki komanda?
– Xorvatiya millisi həmişə güclü olub. Hansı turnirdə iştirak ediblərsə, favoritlərdən olublar. Həmin dövrdəki Xorvatiya ilə indiki arasında elə ciddi fərq görmürəm. Sadəcə nəticə baxımından dünya çempionatının finalında oynayıblar. Bu müəyyən qədər indiki komandanın daha güclü olması anlamına gələ bilər. Amma elə böyük fərq görmürəm. 
– Rəqibin bir neçə aparıcı futbolçusu İvan Rakitiç, Mateo Kovaçiç Bakıya gəlməyib. Bu komandamıza kömək edə bilərmi?
– Rakitiç, Kovaçiç kimi oyunçular Xorvatiya üçün çox önəmlidirlər. Onların yoxluğu bizim üçün hardasa üstünlük sayıla bilər. Amma yenə də heyətdəki oyunçuları ulduzlardır. Onları əvəz edəcək oyunçular da Avropada adından söz etdirənlərdir.  Çox ciddi fərq olmayacaq.
 
– Yığmamızın üzvlərinə rəqibdən xal almaq üçün nə məsləhət görərdin?
– Baş məşqçi lazım olan məsləhətləri verəcək. İtirəcəyimiz heç nə yoxdur. Çıxıb rahat oynamaq lazımdır, meydançanın hər qarışı uğrunda mübarizə aparmaq lazımdır.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp